Mayın 29-da Nizami Kino Mərkəzində Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirildi.
   
   Tədbiri “Azərbaycanfilm” kinostudiyasının direktoru və Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov açaraq müsabiqə haqqında məlumat verdi. Bildirildi ki, bu ilin yanvarında elan edilən müsabiqə ölkəmizdə prodüser kinosunun inkişafı istiqamətində atılan addımdır. Bu, 2012-ci ildə respublikanın 14 aparıcı prodakşn və studiyasının iştirakı ilə təsis edilən Azərbaycan Prodüserlər Gildiyasının layihəsidir.
   Müsabiqənin özəlliyi ondadır ki, Azərbaycanda ilk dəfə olaraq qalib ssenarini prodüserlərin özləri seçir. Ən əsası isə odur ki, Prodüserlər Gildiyası tərəfindən müsabiqənin qalibinə film çəkilişi üçün gərəkən imkanlar yaradılacaq.
   Nəticələrdən razı qaldığını vurğulayan Müşfiq Hətəmov ümidvar olduğunu bildirdi ki, müsabiqə kinematoqrafiya sahəsində mühüm yer tutan "prodüser kinosu" anlayışını ölkəmizdə tətbiq etməyə zəmin olacaq. Müsabiqəyə təqdim olunan ssenarilər Prodüserlər Gildiyasının üzvləri və mütəxəssislər tərəfindən araşdırılaraq qiymətləndirilib. Yekun rəyə əsasən, “Adari Films” prodakşn şirkətindən İradə Bağırzadənin “Motivlər...” layihəsi qalib elan olunub: “Bu layihə 6 rejissorun çəkəcəyi 6 qısametrajlı filmdən ibarət kinoalmanaxdır. Layihə çərçivəsində əlavə olaraq daha iki qısametrajlı filmin çəkilişi də nəzərdə tutulur”.
   Sovet İttifaqının dağılmasından sonra digər respublikalarda olduğu kimi, Azərbaycanda da kino sahəsində böhranın yaşandığını xatırladan M.Hətəmov son illər ölkəmizdə kinoya dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğuladı. Onun sözlərinə görə, belə problem yaşayan bir çox ölkələr xarici şirkətlərlə əlaqələr quraraq vəziyyətdən çıxa bilirlər: “İran kino sənayesində də vəziyyət xarici mütəxəssislərlə əlaqələr yaradana kimi pis idi. Biz də artıq bir sıra xarici ölkə şirkətləri ilə əlaqələr qurmağa başlamışıq. Mədəniyyət və Turizm Nazirliyinin kinonun inkişafına önəm verməsi, bu sahəyə göstərdiyi qayğı da kinomuzun gələcək uğurları üçün zəmin yaradır”.
   Sonra “Azərbaycanfilm” kinostudiyasının beynəlxalq əlaqələr üzrə mütəxəssisi Orxan Hüseynov “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olan “Motivlər...” layihəsini ərsəyə gətirəcək rejissor komandası haqqında məlumat verdi. Bildirdi ki, filmləri çəkmək üçün rejissor heyəti xaricdə yaşayan və kino təhsili alan azərbaycanlı gənclər arasından seçilib. Film üzərində işləyəcək komandaya Teymur İsmayılov, Anar Abbasov, Cəfər Axundzadə, Rüfət Həsənov, Vüqar İslamzadə, Elmar İmanov kimi gənc və istedadlı kino mütəxəssisləri daxildir: “Onlar xaricdə kino təhsili almış, dəfələrlə müxtəlif müsabiqələrdə iştirak edib beynəlxalq mükafatlara layiq görülmüş, nüfuzlu yerlərdə çalışmış gənclərdir”.
   
   N.İxtiyarqızı