Qonşu ölkə kinematoqrafçılarının ən son ekran işləri təqdim edildi

Sentyabrın 7-dən 10-dək Nizami Kino Mərkəzində Rusiya kinosu həftəsi keçirildi. Layihə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Nizami Kino Mərkəzi və Rusiyanın “Kinofest” Prodüser Mərkəzinin təşkilatçılığı ilə reallaşdı.

Kino həftəsinin açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya kinematoqrafiyasının tanınmış simaları və “Kinofest” Prodüser Mərkəzinin nümayəndələri, eləcə də ölkəmizin kino ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Mərasimdə çıxış edən Əməkdar incəsənət xadimi Ayaz Salayev Rusiya kinosunun tarixi ənənələrindən danışdı. Bildirdi ki, güclü ənənələri ilə tanınan Rusiya kinosu bu gün də inkişafdadır: “Ölkəmizdə rus filmlərinə maraq həmişə böyük olub. Bu maraq gənc nəsil arasında da müşahidə olunur. İki ölkənin kino xadimləri arasında da əlaqələr əvvəllər daha geniş olub. Bu əlaqələrin daha da inkişaf etməsini arzu edirik”.

Ayaz Salayev Rusiya kinosu həftəsi çərçivəsində yeni ekran əsərlərinin nümayiş olunacağını diqqətə çatdıraraq bu filmlərin şəhərimizin sakinləri tərəfindən maraqla qarşılanacağına ümidvar olduğunu dedi.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov çıxışında bildirdi ki, ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələr uğurla inkişaf edir. Azərbaycanda Rusiya kinosu günlərinin dördüncü dəfə keçirildiyini deyən diplomat bu tədbirin gələcəkdə davam edəcəyinə əminliyini ifadə etdi.

Mixail Boçarnikov Bakıya gətirilən filmlərin rusiyalı kinematoqrafların ən son işləri olduğunu vurğuladı.

Rusiyadan gəlmiş nümayəndə heyətinin rəhbəri, prodüserlər Yuliya Bragina, Natalya Mokritskaya və Sevastopol teatrının aktrisası İrina Demidkina ölkəmiz, eləcə də paytaxtımız haqqında fikirlərini bölüşdülər. Onlar Azərbaycan rejissorları, eləcə də kino sahəsində çalışanlarla məmnuniyyətlə əməkdaşlıq etməyə hazır olduqlarını vurğuladılar.

Rusiya kinosu həftəsi rejissor Klim Şipenkonun “Salyut 7” filminin nümayişi ilə açıldı. Film 1985-ci ildə baş verən real hadisələr əsasında çəkilib. Filmdə “Salyut 7” kosmik stansiyası ilə əlaqə kəsildikdən sonra kosmonavtlar Vladimir Canibekov və Viktor Savinıxa onu təmir etmək tapşırığı verilir. Kosmonavtlar dünya kosmik uçuşlar tarixində ən çətin sınaqla qarşı-qarşıya qalırlar.

Qeyd edək ki, Azərbaycanda keçirilən Rusiya kinosu həftəsi çərçivəsində rejissor Yekaterina Teleginanın Azərbaycan aktyorlarının da yer aldığı “Kilimandjara” komediya filmi, rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi “Məşqçi”, Sergey Mokritskinin  “Çernovik” filmi də nümayiş olunub.

* * *

Rusiya kinosu həftəsinin davamı olaraq sentyabrın 11-dən “YARAT” Müasir İncəsənət Mərkəzində də film nümayişləri keçirilir. Həmin gün burada İvan Tverdovskinin “Atılmışlar” bədii filmi göstərilib.

Ayın 12-də isə rejissor, ssenarist və kinooperator İvan Tverdovskinin “Müəllif kinosu. Müəllif. Rejissor. Rejissor-montajçı” mövzusunda mühazirəsi dinləniləcək.

Sentyabrın 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində rusiyalı rejissor Artyom Temnikovun “Qan” bədii filmi nümayiş ediləcək.

Ekran əsəri bir-biri ilə əlaqəni bərpa etmək üçün mürəkkəb mənəvi yollar keçən iki qardaş haqqındadır. Hadisələr müasir Moskvanın mərkəzində cərəyan edir. Gənc rəssam Valeri Romeyev küçələrdə portret çəkməyə məcburdur. Ukraynanın şərqində yerləşən kiçik bir şaxtaçılar şəhərində yaşadığı qayğısız uşaqlıq illəri qurtardıqdan sonra o, amansız meqapolisdə özünü sınamaq üçün əlindən gələni edir. Kömək tapmaq ümidi ilə ata yurdunu çoxdan tərk edib ailəsi ilə əlaqəsini kəsmiş uğurlu iş adamı olan böyük qardaşını – Vadimi axtarır.

Qeyd edək ki, Artyom Temnikov 1993-cü ildə Rusiya Kinematoqrafiya Komitəsinin Ümumrusiya Kino İşçilərini Təkmilləşdirmə İnstitutunun rejissorluq bölməsini bitirib. Televiziya üçün ssenarilər yazıb və rejissor kimi sənədli filmlər çəkib, eləcə də “Vokruq sveta”, “Russkiy ekstrim” və digər televiziya proqramlarını hazırlayıb.

Fariz HÜSEYNOV