31-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 9-da başa çatıb. Beş gün davam edən sərgi-yarmarkada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin iştirakı ilə ölkəmiz də təmsil olunub.
Sərgi müddətində stendimiz maraqla qarşılanıb, ziyarətçilər milli nəşrlərlə tanış olublar. Onlara ölkəmiz haqqında, kitab-nəşriyyat işi barədə məlumat verilib, kitablar, müxtəlif təbliğat materialları hədiyyə edilib. Stendimiz yerli əhali və əcnəbilərlə yanaşı, Moskvada yaşayan soydaşlarımız tərəfindən də ziyarət edilib.
Sərgi çərçivəsində sentyabrın 8-də stendimizdə Avrasiya Xalqları Assambleyasının Layihələr departamentinin rəhbəri Tatyana Fyodorova və bu qurumun əməkdaşları Lyubov Yelkina, İrina Polyakova ilə görüş keçirilib.
Görüşdə 2018-ci ildə Bakıda keçirilməsi planlaşdırılan ədəbiyyat festivalının təşkili ilə bağlı məsələlər müzakirə olunub, assambleya tərəfindən layihənin formatının daha da genişləndirilməsi, foruma çevrilməsi kimi təkliflər də irəli sürülüb.
Sərgi-yarmarkanın yekununda uğurlu iştiraka görə milli ekspozisiyamız diplomla təltif olunub.
Azərbaycan nümayəndə heyətinin tərkibində Moskva sərgisində təmsil olunan “Azərkitab” Kitab Təbliğatı Mərkəzi də beynəlxalq kitab mübadiləsi sahəsində nailiyyətlərinə görə sərginin xüsusi diplomuna layiq görülüb.
Moskva kitab sərgi-yarmarkası MDB məkanında bu sahə üzrə ən böyük tədbirdir.
31-ci sərgidə 25 ölkədən 300 nəşriyyat evi 100 mindən çox müxtəlif janrlı kitab nümayiş etdirilib. Azərbaycan stendində ölkəmizin tarixinə, mədəniyyətinə, incəsənətinə, turizm imkanlarına, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar, məşhur yazıçılarımızın əsərləri təqdim olunub.