Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda II Dünya müharibəsinin başa çatmasının 73-cü ildönümünə həsr olunmuş “XX əsr Çin tarixi” mövzusunda elmi seminar keçirilib. Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi Çjan Tsunqo iştirak edib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov XX əsrin birinci yarısında Çində baş verən hərbi-siyasi hadisələrdən, Çin xalqının müstəqillik uğrunda mübarizəsindən danışıb, eyni zamanda II Dünya müharibəsi barədə söz açıb, Azərbaycan xalqının faşizm üzərində qələbəyə böyük töhfələr verdiyi diqqətə çatdırılıb.
Seminarda Uzaq Şərqdə II Dünya müharibəsi dövründə baş verən hərbi əməliyyatlarda iştirak etmiş veteranlar xatirələrini söyləyiblər.
Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru Nurulla Əliyevin “II Dünya müharibəsində Asiya-Sakit okean regionunun hərbi-strateji əhəmiyyəti” mövzusunda məruzəsi dinlənilib.
O, II Dünya müharibəsindən bəhs edən kitablar barədə məlumat verib.
ADU-nun müəllimləri Çin xalqının milli azadlıq mübarizəsinin əsas mərhələləri, müharibənin son mərhələsində Çində hərbi-siyasi vəziyyət barədə danışıblar.
Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş olunub.