Parisdə UNESCO-nun mənzil-qərargahında UNESCO Tərəfdaşlar Forumu keçirilib.
UNESCO üzrə milli komissiyalar, qeyri-hökumət təşkilatları, inkişaf agentlikləri və özəl sektor nümayəndələrinin qatıldığı forumda “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov da iştirak edib.
Tədbirdə çıxış edən UNESCO-nun baş direktoru Odri Azuley təşkilatın təhsil, elm, mədəniyyət və media sahəsində çoxtərəfli əməkdaşlığı dəstəklədiyini ifadə edib.
Forumda BMT-nin davamlı inkişaf hədəflərinin monitorinqi, UNESCO-nun böhranlara hazırlığı, təşkilatın layihələrinə cəlb olunmağın artırılması yolları, keyfiyyətli təhsilə əlçatanlığın artırılmasına töhfələri, gənclərin özünüifadəsi və digər aktual məsələlər müzakirə olunub.
İctimai birliyin nümayəndəsi Fazil Qasımov foruma dəvətə görə UNESCO baş direktoruna təşəkkürünü bildirərək Azərbaycanla UNESCO arasında əlaqələrin inkişafında xoşməramlı səfir Mehriban Əliyevanın misilsiz xidmətlərini vurğulayıb. Fazil Qasımov UNESCO ilə əməkdaşlığın ölkəmizin mədəniyyət siyasətinə töhfə verdiyini və Azərbaycan QHT-lərinin təşkilatın layihələrinə yüksək maraq göstərdiyini qeyd edib.
Xatırladaq ki, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi 2016-cı ildə UNESCO-da akkreditasiyadan keçib.