Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib. Görüş Bakı Kitab Mərkəzi tərəfindən “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində təşkil olunub.
Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva Çingiz Abdullayevin ən çox oxunan detektiv yazarlardan biri olduğunu qeyd edərək, yazıçının zəngin ədəbi yaradıcılığından söz açıb. Bildirib ki, Çingiz Abdullayevin əsərləri dünyanın bir çox ölkəsində maraqla oxunur. O, sözün həqiqi mənasında, xalqımızı dünyada tanıdan və təbliğ edən böyük yazıçı və görkəmli ziyalıdır.
Tədbirdə çıxış edən Ç.Abdullayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən belə bir mədəniyyət və ədəbiyyat ocağının – Bakı Kitab Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib və gələcək nəslin maariflənməsində, mütaliə məsələlərində mühüm rol oynayacağını qeyd edib.
Xalq yazıçısı yaradıcılığı barədə danışıb, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı tövsiyə edib, onların şəxsiyyət kimi formalaşmasında mütaliənin əhəmiyyətinin vacibliyini vurğulayıb. Qeyd edib ki, həm fərd, həm də dövlət olaraq güclü olmanın tək yolu keyfiyyətli təhsildir.
Müasir ədəbiyyatın problemlərindən də bəhs edən yazıçı ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib.
Sonda Çingiz Abdullayev oxucuların suallarını cavablandırıb, müəllifi olduğu kitabları onlar üçün imzalayıb.