Sentyabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində “15 sentyabr 1918-ci il – Bakının düşmən işğalından azad olunmasının 100 illiyi” mövzusunda konfrans keçirilib.
Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə gerçəkləşib.
Konfransı giriş sözü ilə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov açaraq bu günün tarixi əhəmiyyətindən danışıb. Bakının işğaldan azad olunmasının xronoloji ardıcıllığına diqqət çəkən natiq deyib ki, bu hadisə XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
Qeyd edilib ki, 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verib.
Konfransda daha sonra Dövlət İdarəçilik Akademiyası Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın “Qafqaz İslam Ordusu: missiyası və əhəmiyyəti”, AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı Elnur Kərimovun “Bakının işğaldan azad edilməsinin tarixi əhəmiyyəti” mövzularında məruzələri dinlənilib.
Sonra rejissor Elşən Qəninin ekranlaşdırdığı Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş “Qələbəyə gedən yol – Müsüslü döyüşləri” adlı sənədli filmin təqdimatı olub.