Festival beynəlxalq platformanın ilk sazişini Azərbaycanla imzalayıb
9-15 noyabr tarixində keçiriləcək 8-ci Malatya Beynəlxalq Film Festivalına 200-dək ekran əsəri təqdim olunub. Festival Malatya Böyük şəhər Bələdiyyəsi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq. Əsas müsabiqə proqramına daxil ediləcək 20 ekran əsərindən 5-nə mükafat veriləcək.
Festival növbəti illərdə planlaşdırdığı platformanın ilk sazişini isə Azərbaycanla imzalayıb.
Platformanın təqdimatı və müqavilənin imzalanması məqsədilə Malatya şəhərində mətbuat konfransı keçirilib. Konfransda Malatya Böyük şəhər Bələdiyyəsinin sədri Hacı Uğur Polad, festivalın direktoru Suat Köçər, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, tanınmış rejissor Elçin Musaoğlu iştirak ediblər.
Festivalın direktoru Suat Köçər Türkiyə-Azərbaycan əməkdaşlığı və Malatya Beynəlxalq Film Platforması haqqında məlumat verib. “Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmov Türkiyə ilə kino sahəsində birgə əməkdaşlıqdan məmnun olduğunu deyərək bu platformanın mövcud sahədə daha da yaxşı əməkdaşlıq üçün zəmin yaratdığını bildirib.