Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov təşkilatın baş direktorunun mədəniyyət məsələləri üzrə yeni təyin olunmuş müavini Ernesto Ottone Ramireslə görüşüb.
Təşkilatın Parisdəki mənzil-qərargahında keçirilən görüşdə A.Kərimov E.Ottoneni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ölkəmizlə UNESCO arasında mədəniyyət sahəsindəki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın bu qurumla əməkdaşlıqda fəallığı, eləcə də mədəniyyət sektoruna verdiyi töhfələr xüsusi qeyd edilib, gələn il Bakıda keçiriləcək Dünya İrs Komitəsinin 43-cü sessiyasına toxunulub.
A.Kərimov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizlə bu qurum arasında əlaqələrin inkişafına töhfələrini diqqətə çatdırıb.
Ernesto Ottone Ramiresə ölkəmiz haqqında kitablar hədiyyə edilib və o, Azərbaycana səfərə dəvət olunub.