Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də cənub bölgəsinə səfər edib.
Dövlət başçısı Biləsuvar rayonuna səfəri zamanı Bayraq Muzeyinin açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, ümumi ərazisi 400 kvadratmetr olan muzey binası ikimərtəbəli olmaqla sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar sərgilənir. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, ümummilli liderin andiçmə mərasimindən fotoşəkillər, ulu öndərin dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə, Bayraq meydanlarının açılışı mərasimlərində çəkilmiş fotoşəkilləri, poçt markaları, orden və medallar muzeyin ekspozisiyasına daxildir.
Bayraq Muzeyi ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılıb və burada hündürlüyü 56 metr olan bayrağımız ucaldılıb, ətrafında fəvvarə kompleksi inşa edilib, postamentdə Azərbaycan Respublikasının gerbi, himni, xəritəsi əks olunub.
Prezident İlham Əliyev Biləsuvarda Gənclər Evinin açılışında da iştirak edib. Ümumi sahəsi 1200 kvadratmetr olan bina öz funksionallığı ilə seçilir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 256 yerlik akt və konfrans zalları yaradılıb. Rəqs zalının, internet-kafenin, fotostudiyanın, vətənpərvərlik klubunun, istedadların hazırlığı laboratoriyasının yerləşdiyi Gənclər Evində şahmat, rəsm, dizayn dərnəkləri, xarici dil və danışıq klubu fəaliyyət göstərəcək.