Sentyabrın 19-da Rusiya Federasiyasının Həştərxan şəhərində IV Xəzər media forumu işə başlayır. Həştərxan Vilayəti Hökumətinin, “Xəzər Redaksiyası” Assosiasiyasının təşkilatçılığı, RF İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə keçirilən forumda beş Xəzəryanı ölkənin – Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın nümayəndə heyətləri iştirak edir.

Azərbaycan nümayəndə heyətinə Prezident Administrasiyasının, müvafiq nazirliklərin, bir sıra media qurumlarının məsul əməkdaşları daxildir. Mədəniyyət Nazirliyinin “Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev forumda iştirak edir.

Xəzər media forumunun əsası 2015-ci ildə qoyulub. Ötən müddətdə forum Xəzər regionu üzrə media cəmiyyətlərinin qarşılıqlı əlaqələri, informasiya, kommunikasiya, mədəni əməkdaşlıqla bağlı dialoq, diskussiya, fikir və təcrübə mübadiləsi platformasına çevrilib.

Dördüncü forumun ilk günündə plenar iclasla yanaşı, “Xəzər – gələcəyin ərazisi”, “Gələcəyin mediası üçün tədris texnologiyaları”, “Xəzər əməkdaşlığı yeni mərhələdə” mövzularında diskussiya panelləri keçiriləcək. Həmçinin mediaforum çərçivəsində təşkil olunan “Sərhədsiz Xəzər” beynəlxalq jurnalist müsabiqəsinə yekun vurulacaq. Müsabiqə beş Xəzəryanı ölkənin jurnalistləri arasında 2017-ci ilin sentyabrı - 2018-ci ilin avqust aylarında keçirilib.

Forumun növbəti iki günündə müxtəlif təqdimatlar, interaktiv panellər, görüşlər keçiriləcək, eləcə də iştirakçılar üçün Həştərxan şəhərinə ekskursiyalar təşkil olunacaq.