Azərbaycan Dövlət “Yuğ” Teatrı Türkiyənin Adana şəhərində keçiriləcək beynəlxalq teatr festivalına dəvət alıb.
Teatrdan bildirilib ki, Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları Müdirliyinin oktyabrın sonu - noyabrın əvvəllərində keçirəcəyi V Şəhər Teatrları Görüşü Festivalında “Yuğ” Teatrı ölkəmizi A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif. Elçilik” tamaşası ilə təmsil edəcək.
Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Tamaşada Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edəcək.
Tamaşada ailə dəyərlərinin əhəmiyyətindən bəhs edilir. Hər zaman qadın-kişi münasibətlərində ziddiyyətlər və toqquşmalar olsa da, həyatda harmoniyanı yaradan yalnız onların birləşməsi, bütövlüyüdür. Digər tərəfdən, qadın-kişi mübarizəsi həyat tərzidir, gerçəkliyin normasıdır.