İrəvan Dövlət Azərbaycan Dram Teatrının 137-ci mövsümü
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 137-ci mövsümünü R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açıb.
Tamaşanın nümayişindən öncə çıxış edən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev mədəniyyət ocağının ötən mövsümdə qazandığı yaradıcılıq uğurlarından, yeni mövsümdə teatrsevərlərə təqdim olunacaq səhnə əsərlərindən danışıb. O, 100 il əvvəl Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik birləşmələrindən azad etməsinin tarixi əhəmiyyətini yüksək qiymətləndirib.
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, “Aydınlar Ocağı” Humanitar İctimai Birliyinin sədri Vüqar Qədirov və Türkiyədən dəvət olunmuş Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztək çıxış edərək teatrın kollektivini yeni mövsüm münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.
Sonra “Soyqırımı tarixinin dastanı” tamaşası nümayiş olunub. Səhnə əsəri ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən, igid oğullarımızın şücaətindən bəhs edir.
Tamaşanın quruluşçu rejissoru və tərtibatçı rəssamı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rollarda aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Nicat Mirzəzadə, Tural Xəlilzadə, Güney Əliyeva və Bəhruz Hikmətoğlu çıxış edirlər.