Teatr və kino sənətimizdə yaratdığı obrazlar, bənzərsiz ifa tərzi ilə özünəməxsus yer tutan görkəmli aktrisa, Azərbaycanın Xalq artisti Amaliya Pənahova səhnəyə çıxdığı ilk gündən çoxsaylı tamaşaçı rəğbətini qazanıb. Onun sənət peşəkarlığının süzgəcindən keçən yaradıcılığı həmişə real, inandırıcı olub.
Amaliya Əliş qızı Pənahova 1945-ci il iyunun 15-də Gəncədə anadan olub. Teatra, sənətə uşaqlıqdan meyl göstərib. Orta məktəbi bitirdikdən sonra aktrisa olmaq istəyini ailəsinə açıqlayır. Gəncə Dövlət Dram Teatrında çalışan Əliş kişi aktyorluq sənətinin çətinliklərinə yaxşı bələd olduğundan qızının bu sənətin yükünü çəkməsini istəmir. Lakin arzusunu gerçəkləşdirməkdə israrlı olan gənc qız 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə qəbul olur. Kurs rəhbəri görkəmli teatr rejissoru, kino aktyoru, pedaqoq Adil İsgəndərovdan sənətin sirlərini öyrənir, tez bir zamanda müəllimlərinin və tələbə yoldaşlarının rəğbətini qazanır. İnstitutun ikinci kursundan Akademik Dram Teatrının səhnəsində çıxış edən aktrisanın güclü intuisiyası, qüsursuz xarici görünüşü, şaqraq səsi səhnə tələblərinə cavab verir, yaratdığı rollara uğur gətirir.
Amaliya Pənahovanın səhnə fəaliyyəti görkəmli dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ilə sıx bağlıdır. İlyas müəllimin əsərlərinin qəhrəmanlarına uğurlu səhnə həyatı bəxş edən aktrisa ilk gündən orijinal ifası ilə diqqət çəkir. Nərmin (“Unuda bilmirəm”), Nargilə (“Sən həmişə mənimləsən”), Şahnaz (“Mahnı dağlarda qaldı”), Nurcahan (“Mənim günahım”) və başqa personajlar aktrisanın səmimi duyğularını, həyat mövqeyini bizə tanıtdığı obrazlardır.
Ədəbi materialın, rejissor yozumunun spesifik tələblərini yaxşı bilən, obrazların psixologiyasını tam açan aktrisa səhnədə bitkin fikir yaradır, tamaşaçını hadisələrin reallığına inandırır. O məhz səhnə üçün doğulub. İşləməkdən, tez-tez yeniləşən repertuar zənginliyindən bezmir, səhnə fəaliyyəti ilə yanaşı, televiziya, kino yaradıcılığını da inkişaf etdirirdi. 1973-cü ildə Azərbaycan Televiziyasının rəngli yayıma keçməsi münasibətilə efirdə 55 dəqiqəlik canlı monotamaşa oynayan aktrisa sonralar bir çox teletamaşalarda (“Qapalı orbit”, “Ömrün yolları”) bənzərsiz, maraqlı obrazlar yaratmaqla yanaşı, özü də 10-dan artıq televiziya tamaşasına (“Sənsiz”, “Mənim günahım” və s.) quruluş verir.
İstedadlı aktrisa 1964-cü ildən bu günədək teatr səhnəsində 300-dən artıq obrazlar qalereyası yaradıb, 30-a yaxın filmdə bənzərsiz rollar oynayıb, 20-dək filmi isə maraqlı, ifadəli səs tembri ilə səsləndirib. Milli Dram Teatrının aparıcı qüvvəsi olan Amaliya xanımın kinoda yolu o qədər də rəvan olmadı. Bir neçə filmin sınaq çəkilişlərində iştirak edən aktrisaya sifətinin kameraya uyğun gəlmədiyini, mimika cizgilərinin kino üçün uyğun olmadığını söyləyir, onu ruhdan salmağa çalışırdılar. Lakin kinoda azərbaycanlı aktyor nəslinin daha çox rol almasına və gənc aktrisaların potensialını təsdiqləməsinə şərait yaradan Adil İsgəndərov kurs tələbələrini 1963-cü ildə ekranlaşdırdığı “Əhməd haradadır?” filminə çəkir. Amaliya xanıma da epizodik rol (buna qədər aktrisa Əlisəttar Atakişiyevin “Bizim küçə” filmində (1961) kütləvi səhnələrdə çəkilmişdi) verir. Bu filmdən sonra görkəmli rejissor, yazıçı və kinodramaturq Həsən Seyidbəyli “Cazibə qüvvəsi” filmində aktrisaya idmançı obrazını tapşırır. Əlbəttə ki, tələbə aktrisa üçün kinoda çəkilmək böyük uğur idi. Lakin Amaliya xanım bacarığını kinoda daha geniş planlı rollarla təsdiqləmək istəyirdi. Azərbaycan qadınının həyat mövqeyini əsərlərində və filmlərində geniş şərh edən H.Seyidbəyli aktrisaya “Sən niyə susursan” (1966) filmində uşaqlı ana rolunu həvalə edir. Həmin illərdə Amaliya xanımın qaynar teatr fəaliyyəti olsa da, o, kinoda dəvət aldığı üçüncü, dördüncü planlı rollardan belə imtina etmir, kiçik həcmli rolları həvəslə oynayırdı. Onun “Həyat bizi sınayır” filmində yaratdığı Münəvvər, “Xatirələr sahili”ndə Xalidə, “Səmt küləyi”ndə Xədicə, “Mezozoy əhvalatı”nda Nərminə və başqa lirik-psixoloji ekran personajları realist təqdimatına görə seçilir, yadda qalır.
Aktrisanın kinoda ilk böyük rolu Əlisəttar Atakişiyevin 1977-ci ildə çəkdiyi “Qərib cinlər diyarında” film-nağılındakı Zərri obrazıdır. Şux qamətinə, rəqs etmə bacarığına, mülayim çöhrəsinə görə əcinnədən çox gözəl məxluq təsiri bağışlayan aktrisanın maraqlı ifası, jestləri kiçik tamaşaçılarda bu obraza nifrətdən çox məhəbbət yaradır. Var-dövlət arzusu ilə yaşayan kasıb kəndli balası haqqında söhbət açan bu filmdə Zərri üçüncü, dördüncü planlı rol olsa da, Qəribin başına gələn bəlaların səbəbkarı və filmin aparıcı qüvvəsi kimi uğurlu roldur. O, Qəriblə cinlər arasındakı münasibətləri gərginləşdirən vasitəçi, cinlər diyarının iyrənc qanunlarını öz şəxsində göstərən vacib personajdır. Paxıl və qısqanclığına görə cəmiyyətdə xaos yaradan iblis xislətli məxluqların məkrli cəhətləri Zərridə cəmlənib. Yaxşının pisə, düzün əyriyə qalib gəlməsinin səbəbini Zərri kiçik seyrçilərinə böyük məharətlə aşılayır.
Aktrisanın “Arxadan vurulan zərbə” filmindəki dilavər Ziba obrazı da geniş tamaşaçı auditoriyasının diqqətini çəkir. Ziba hay-küylü, əslində isə halal zəhməti ilə yaşayan bir xanımdır. Cəmiyyətin ona qarşı müəmmalı mövqeyinin səbəbi isə açıqfikirli, həddən artıq səmimi olması və fərqinə varmadığı aqressivliyidir. Aktrisanın obraza uyğun düzgün mizanlanmış maraqlı jestləri, canlı ifası, titrək nitqi, obrazın hiss və həyəcanını, istək və düşüncələrini dəqiq çatdırır.
Amaliya Pənahova yaratdığı irili-xırdalı obrazların hər birinin estetik təbiətini, fərdi xüsusiyyətini aydın göstərib. Teatr və kinoda bir çox tarixi qadın şəxsiyyətlərimizin xarakterləri məhz onun yaradıcılığında (Tomris, Xan qızı Natəvan və s.) açılıb. “Babək” filmindəki Zərnisə obrazı da Amaliya xanımın daxili məğrurluğundan, novatorluq qabiliyyətindən bəhrələnən roldur. Bu rola ilk dəfə Türkiyənin məşhur aktrisası Türkan Şoray dəvət alır. Lakin o, ekran əsərinə ayrılan vəsaitin yarısı qədər qonorar tələb etdiyindən rolu Amaliya Pənahova oynayır. Filmin nümayişi isə, digər ölkələrdə olduğu kimi, Türkiyədə də böyük uğurla keçirilir.
Dublyaj sənətinin vacib cəhətlərindən biri də aktyorun ifadəli səs tembrinə malik olması, dilin mükəmməl tələffüzü və yüksək danışıq mədəniyyətidir. Aktyorların sözə həddən artıq məsuliyyətli və səliqəli yanaşması yeknəsəqlikdən uzaq dublyaj yaradır.
1960-1980-ci illərdə dublyaj olunmuş filmlərdə bu dəyərlər əsas götürüldüyündən peşəkar səsləndirmə filmlərin təsir gücünü daha da artırırdı. Amaliya Pənahovanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək... Ürək...”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazların ifadəli səsi ifaçılar qədər filmin ideya məzmununu dəqiq çatdırır, rolu sevdirir.
Aktrisanın rollarında qadın səliqəsi, yüksək zövqü nəzərə çarpır. O, daim obrazlara uyğun seçilmiş paltarların forma və zərifliyinə, libasların xarakterlərlə uzlaşmasına şəxsən diqqət yetirir. Səhnəyə yaraşıq verən gözəlliyini, məğrurluğunu daim qoruyub saxlayan Amaliya Pənahova üçün sənətin enişli-yoxuşlu yollarında irəliləmək o qədər də asan olmayıb. Onun şaqraq səsi, alovlu çıxışları yalnız səhnədə, filmlərdə yox, həyatda da mübarizliyini tərənnüm edir. Kənd-kənd, şəhər-şəhər qastrola gedən aktrisa aralarında yaş yarım fərq olan iki uşağını da çox vaxt özü ilə aparar, onunla bərabər ailənin yükünü çəkən həyat yoldaşının da qayğısına qalardı. Ömrü boyu sənətin fövqündə duran aktrisa ailə və sənət sevincini paralel yaşamaq üçün bütün çətinliklərə sinə gərir, eyni zamanda Amaliya Pənahova imzasını teatr və kino tariximizə şərəflə yazır.
1992-ci ildən Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru olan Amaliya xanım yaradıcı kollektivlə birlikdə tez-tez hərbi hissələrə gedir, quruluş verdiyi vətənpərvərlik ruhlu tamaşalarla əsgərlər qarşısında çıxış edir.
Onun Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərə yüksək qiymətləndirilib. 1972-ci ildə Azərbaycan Dövlət Mükafatına, 1974-cü ildə Əməkdar artist, 1985-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 1995-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Səhnə üçün vacib olan gözəlliyini itirməyən, mənəvi dəyərləri həmişə uca tutan Amaliya Pənahova qəhrəman qadın obrazları və lirik-psixoloji rolları ilə sənət tariximizdə öz imzasını atmış sənətkardır. Aktrisanın müxtəlif xarakterli personajlarının yalnız bir oxşar cəhəti var ki, bu da şəxsiyyətindən rollarına hopan əzəmətidir. Onu doğum günü münasibətilə təbrik edir, cansağlığı, yeni sənət sevincləri arzulayırıq.
Şəhla Bürcəliyeva,
kinoşünas