“Dədə Qorqud” Kamera Orkestrinin təqdimatı keçirildi
Sentyabrın 20-də Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” Kamera Orkestrinin təqdimat mərasimi keçirildi.
Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və musiqisevərlərin qatıldığı tədbir Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilmişdi.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək tədbir iştirakçılarını salamladı, rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açdı. Bildirdi ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının dəstəyi ilə təsis edilib. Fond türkdilli xalqlara məxsus tarixi-mədəni irsin mühafizəsi və təbliğ edilməsi yönündə işlərini davam etdirir. Bu layihələrdən biri də “Dədə Qorqud” Kamera Orkestrinin yaradılmasıdır. Türk dünyasının ortaq yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un müdriklik simvolunun adını daşıyan orkestr özündə türkdilli dövlətlərin musiqiçilərini birləşdirir. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovdur.
Diqqətə çatdırıldı ki, “Dədə Qorqud” Kamera Orkestri Türk dünyasının zəngin mədəniyyət və incəsənətini, xalq yaradıcılığını, dahi bəstəkarlarının əsərlərini beynəlxalq aləmdə tanıtmaq məqsədilə fəaliyyət göstərir.
G.Əfəndiyeva bildirdi ki, bu il Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaradılmasının 100 illik yubileyləri böyük təntənə ilə qeyd olunur. Bir neçə gün əvvəl seyr etdiyimiz möhtəşəm parad bir daha Azərbaycanla Türkiyə arasında mövcud olan dostluğu, qardaşlığı və inamı sərgilədi: “Bu il həm də Türk dünyasının birliyinə dəstək verən, hər zaman onun inkişafına, güclənməsinə çalışan ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd olunur. Eyni zamanda böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illiyi silsilə tədbirlərlə qeyd edilir. Onların hər biri Türk dünyasının nəhəng simalarıdır və biz hər zaman onların xatirəsini ehtiramla anırıq”.
Qeyd olundu ki, orkestr Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar sentyabrın 22-də Naxçıvanda konsert proqramları ilə çıxış edəcək.
G.Əfəndiyeva “Dədə Qorqud” Kamera Orkestri layihəsinin reallaşmasında əməyi olan hər kəsə minnətdarlığını bildirdi: “Bu bir başlanğıcdır. “Dədə Qorqud” Kamera Orkestrinə Dədə Qorqud nüfuzu, Dədə Qorqud yaşı, Dədə Qorqud ölməzliyi arzulayıram”.
***
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan musiqi festivalının əhəmiyyətindən söz açdı. Bildirdi ki, bu il 10-cu dəfə təşkil olunan musiqi bayramının coğrafiyası daha da genişlənib. Festivala xarici ölkələrdən tanınmış musiqi kollektivləri qatılıb və onların rəngarəng musiqi proqramları hər kəsin zövqünü oxşamaqdadır.
“Dədə Qorqud” Kamera Orkestrinin yaradılmasını olduqca əlamətdar hadisə kimi dəyərləndirən Vaqif Əliyev vurğuladı ki, məqsəd Azərbaycanın, bütövlükdə Türk dünyasının mədəniyyətini, incəsənətini təbliğ etməkdir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qısa zamanda dəyərli işlər gördüyünü söyləyən nazirin birinci müavini dedi ki, Fond daim axtarışdadır və inanırıq ki, qarşıya qoyulmuş məqsədlərin reallaşması naminə daha böyük uğurlara imza atacaq.
Tədbir daha sonra konsert proqramı ilə davam etdi.
Orkestrin bədii rəhbəri və dirijoru, Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun idarəçiliyi ilə solistlər - Orxan Cəlilov (vokal), Aydan Həsənova (vokal), Sibel Qızılatəş (vokal), Almaz İstambayev (vokal), Orxan Zeynalov (tar), Roza Canqabil (dombra), Səbinə Mehdiyeva (piano), Ceyla Seyidova (violin) çıxış etdilər.
Musiqi gecəsində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan bəstəkarlarının əsərləri, xalq mahnıları ifa olundu.
Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılandı.
***
Xatırladaq ki, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı silsilə tədbirlərlə davam edir. Sentyabrın 21-də Heydər Əliyev Sarayında SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcək. 24 sentyabrda Bakı Musiqi Akademiyasında SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi təşkil ediləcək.
Festivalın bağlanış mərasimi sentyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək.
Fari̇z HÜSEYNOV