Oktyabrın 25-27-də Bakıda “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək.

Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə gerçəkləşəcək tədbirin məqsədi Türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün qorunması, öyrənilməsi, ona marağın artırılması və müxtəlif sahələrdə tətbiq edilməsidir.

Xalça Muzeyindən bildirilib ki, simpozium çərçivəsində “Keçəçilik ənənə kimi”, “Keçə müasir incəsənətdə”, “Keçə moda dünyasında bir trend kimi” mövzularında müzakirələr aparılacaq. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn-şou (fashion show) təşkil olunacaq.

Simpoziumun beynəlxalq səviyyəli nüfuzlu iştirakçıları arasında Qırğızıstan Rəssamlar İttifaqının üzvü, UNESCO-nun Mərkəzi Asiya üzrə mükafat proqramının koordinatoru və təşkilatın qeyri-maddi mədəni irs üzrə eksperti Dinara Çoçunbayeva da olacaq. D.Çoçunbayeva beynəlxalq simpoziumda “Qırğız keçələri: ala-kiyiz və şırdak” mövzusunda məruzə ilə çıxış edəcək.

O, 2006-cı ildə məqsədi Mərkəzi Asiya xalqlarının sənətkarlıq və ənənəvi mədəniyyətlərinin qeydiyyat siyahısının tərtib edilməsi olan “Sənətlər və ənənəvi biliklər” İctimai Fondunu təsis edib.