Sentyabrın 18-də Azərbaycan Milli Kitabxanasında Musiqi günü münasibətilə sərgi açılıb.
Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək musiqi bayramının əhəmiyyətindən söhbət açıb. Bildirib ki, Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan dahi Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, həm də Şərqdə ilk operanın banisi kimi məşhurdur. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir.
Üzeyir Hacıbəyli irsinin daha geniş şəkildə araşdırılaraq gələcək nəsillərə çatdırılmasından danışan K.Tahirov Milli Kitabxananın bu işə öz töhfəsini verdiyini, dahi haqqında iki dəfə biblioqrafik vəsaitin tərtib edildiyini, sənətkarın əsərlərinin təbliği məqsədilə sərgilərin təşkil olunduğunu qeyd edib.
Çıxışlardan sonra bəstəkarın əsərlərindən və onun haqqında yazılmış əsərlərdən ibarət Azərbaycan, rus və digər dillərdə olan kitab və dövri mətbuat materiallarından təşkil olunmuş sərgiyə baxış olub.