SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyi ilə bağlı tədbir keçirildi
Sentyabrın 20-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində SSRİ Xalq artisti, görkəmli müğənni Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş “Opera səhnəmizin Nigarı” adlı tədbir keçirildi. Tədbir Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilmişdi.
Mərasimi muzeyin şöbə müdiri Xanım Abdinova açaraq görkəmli sənətkarın yaradıcılıq yolundan söz açdı. Bildirdi ki, lirik-dramatik soprano səs tembrinə malik Firəngiz Əhmədova 1950-1970-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində uğurla çıxış edib. O, “Koroğlu” operasında (Üzeyir Hacıbəyli) Nigar, “Şah İsmayıl”da Gülzar, “Nərgiz”də Nərgiz (Müslüm Maqomayev), “Sevil”də (Fikrət Əmirov) Sevil və başqa partiyaların mahir ifaçılarından olub.
Firəngiz Əhmədova opera tamaşalarında musiqimizin korifeyləri Bülbül, Müslüm Maqomayev, Rauf Atakişiyev və başqaları ilə tərəf-müqabil olub. O, həmçinin keçmiş SSRİ-nin respublikalarında və bir sıra Avropa ölkələrində qastrol səfərlərində uğurla çıxış edib.
Bildirildi ki, sənətkarın yaradıcılıq uğurları yüksək qiymətləndirilib. O, müxtəlif fəxri adlara, orden və medallara layiq görülüb. Mədəniyyət və incəsənət xadimlərinə həmişə qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev 70 illik yubileyi münasibətilə Firəngiz Əhmədovanı “Şöhrət” ordeni ilə təltif edib.
Xalq artisti Xuraman Qasımova görkəmli sənətkarla bağlı xatirələrini bölüşdü. Bildirdi ki, Firəngiz Əhmədovanın səhnəyə çıxdığı dövr azərbaycanlı qadınlar üçün heç də asan olmayıb: “Biz onu professional səhnədə gördük. Firəngiz xanım həm də kamera-vokal janrında əsərlər ifa edirdi. Onun ifasında Üzeyir Hacıbəylinin “Sənsiz”, Asəf Zeynallının ”Ölkəm”, Niyazinin “Arzu”, Əşrəf Abbasovun “Heyran olmuşam”, Ağabacı Rzayevanın “Oxu, gözəl” və başqa romansları dinləyicilər bu gün də yaxşı xatırlayırlar”.
“Firəngiz Əhmədova” kitabının müəllifi Kəmalə Abıyeva çıxış edərək sənətkarla bağlı arxiv materiallarını araşdırarkən maraqlı faktlarla qarşılaşdığını qeyd etdi: “Firəngiz Əhmədova konservatoriyada qəbul imtahanı verərkən dahi Üzeyir Hacıbəyli onun istedadlı bir gənc olduğunu görür və deyir ki, “Siz konservatoriyada oxuyacaqsınız”. Məlumdur ki, görkəmli sənətkarların səhnədən ayrılması çox çətin olur. Ancaq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində sənət möcüzələri yaradan Firəngiz Əhmədova çox sakitcə, 50 yaşında ikən səhnədən ayrılır”.
Çıxışlardan sonra Akademik Opera və Balet və Musiqili teatrların solistlərinin ifasında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı təqdim edildi. Bütün ifalar alqışlarla qarşılandı.
Sonda sənətkarın qızı S.Əhmədova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.
Savalan FƏRƏCOV