Lənkəran Dövlət Dram Teatrı özünün yeni mövsümünə ilk dəfə olaraq doğma səhnədən kənarda - Biləsuvar rayonunda start verib. Sentyabrın 18-də Biləsuvar rayon Mədəniyyət mərkəzində keçirilən mərasimdə teatrın direktoru Tofiq Heydərov çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Qeyd olunub ki, ötən mövsüm yaradıcı kollektiv üçün ümumilikdə uğurlu keçib. Belə ki, 2017-ci il dekabr ayının 1-dən 6-dək teatr İranın Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında yazıçı Pərvin Nurəliyevanın “Dəcəl keçi” tamaşası ilə çıxış edərək sənət yarışmasında diplomla mükafatlandırılıb. Truppanın Lerik və Astara rayonlarına səfərləri də böyük maraqla qarşılanıb.
Bildirilib ki ötən mövsümdə teatrda yeni - “Danabaş kəndinin məktəbi”, “Şaxta baba və pərilər”, “Korlar”, “Qaraca qız və xallı ifritə” tamaşaları təhvil verilib. Hazırda teatrın rejissorları Adil Zeynalov və Emil Əskərovun paralel olaraq iki səhnə əsərinin (başqırd dramaturqları Süleyman və Həmdiyə Lətipovların “Evlən, oğul, evlən!” və Əjdər Olun “Meşəbəyinin dostları”) məşqləri aparılır.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov çıxış edərək teatrın kollektivinə yaradıcılıq uğurları diləyib.
Açılış mərasimindən sonra yazıçı Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası sənətsevərlərə təqdim olunub. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlar Qızılgül Quliyeva, Allahverən Babayev, Səyad Əliyev, Şəbnəm Hüseynova və digərləri ifa edirlər.