Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İtaliya Respublikasına rəsmi səfərə gedib.
Sentyabrın 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.
Görüşdə Azərbaycan-İtaliya münasibətlərindən söhbət açılıb. Senatın sədri son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlıqda nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Qeyd olunub ki, İtaliya Prezidentinin bu ilin iyulunda Azərbaycana səfəri əlaqələrimizin səviyyəsinin göstəricisidir. Bildirilib ki, xalqlarımız arasındakı münasibətlərin yaxınlaşmasına töhfə verən İtaliya-Azərbaycan mədəni əlaqələri də inkişaf edir.
* * *
Həmin gün Romadakı Custiniani sarayında “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfrans keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati konfransın açılışında iştirak ediblər.
Konfransı açan İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldi yüksək səviyyədə inkişaf edən ikitərəfli strateji əməkdaşlığın önəmini qeyd edib. Rossana Boldi Azərbaycan-İtaliya münasibətlərinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb, Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələrin bu ölkənin mədəni irsinin qorunması baxımından önəmli olduğunu söyləyib.
İtaliyada bu cür əhəmiyyətli konfransın keçirilməsinin önəmini qeyd edən İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati deyib: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin İtaliyada qeyd olunması bizim üçün bir şərəfdir. Bu tədbirin burada keçirilməsinin çox böyük önəmi var. Çünki bu binada İtaliyanın Konstitusiyası imzalanıb. Bu il biz Konstitusiyanın imzalanmasının 70 illiyini qeyd edirik”.
100 il bundan əvvəl Azərbaycanda qadınlara seçki hüququnun verildiyini qeyd edən Senatın sədri bildirib ki, bu, regionun tarixində önəmli bir addım idi. Həmçinin Azərbaycan parlamentində bir çox millətlərin nümayəndələrinin təmsil olunması mürəkkəb bir dövrdə ölkənin tarixində əhəmiyyətli bir iz buraxıb.
Xanım Kasellati ölkələrimiz arasındakı münasibətlərin qədim tarixinin olduğunu bildirib, Heydər Əliyev Fondunun İtaliya üçün xüsusi əhəmiyyətə malik tarixi-mədəni abidələrin bərpası ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs edib.
Qeyd edib ki, bu gün Azərbaycan Qafqaz ölkələrindən biri kimi həm siyasi, həm də iqtisadi baxımdan Aralıq dənizi ölkələrinin həyatında çox böyük rol oynayır. Senatın sədri onu da vurğulayıb ki, bu gün iki ölkənin gəncləri arasında da çox gözəl münasibətlər formalaşır, universitetlər və mədəniyyət mərkəzlərinin əlaqələri getdikcə dərinləşir.
Xanım Kasellati terrorizmin və ekstremizmin cərəyan etdiyi bir dövrdə təhlükəsizliyin təmini üçün ölkələr və xalqlar arasındakı əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətindən danışaraq Qərb ilə Şərq arasında körpü rolunu oynayan, Avropa İttifaqının önəmli tərəfdaşı, İtaliyanın tarixi dostu olan Azərbaycanın bu istiqamətdə rolunu xüsusi vurğulayıb.
* * *
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxış edərək konfransın ölkəmizin taleyində çox əhəmiyyətli bir hadisəyə həsr olunduğunu vurğulayıb: “100 il bundan əvvəl müsəlman aləminin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Biz fəxr edirik ki, hələ XX əsrin əvvəllərində Azərbaycan xalqı öz müstəqilliyini əldə etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda ölkəmiz üçün çox vacib olan addımlar atdı. Azərbaycanda demokratiya institutları formalaşmağa başladı, çoxmillətli parlament fəaliyyətə başladı, o cümlədən qadınlara səsvermə hüququ verildi. Əfsuslar olsun ki, gənc respublika cəmi 23 ay yaşadı. Ölkəmiz ciddi geosiyasi problemlərlə üzləşərək müstəqilliyini itirdi”.
Diqqətə çatdırılıb ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdi, xalq öz taleyinə sahib oldu. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin müasir dövlətçiliyinin təməlini qoyub. Bu gün Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır, ölkəmizdə və Azərbaycana tərəfdaş olan ölkələrdə 100 illik yubileyə həsr olunmuş tədbirlər keçirilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir. 2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə qəbul edilib. Siyasi dialoq çox yüksək səviyyədə inkişaf edir, Azərbaycan Respublikasının Prezidenti dəfələrlə İtaliyada rəsmi səfərdə olub. Bu ilin iyul ayında İtaliya Prezidenti Azərbaycana ilk dəfə səfər edib.
Bildirilib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanda 95 İtaliya şirkəti fəaliyyət göstərir. Onlar müxtəlif sahələrdə həm özəl sektorla, həm dövlət qurumları ilə əməkdaşlıq edir, xidmət, ticarət, nəqliyyat, kənd təsərrüfatı, şərabçılıq və digər sahələrdə çox uğurlu işbirliyi yaradılıb.
Azərbaycanın sülhsevər, qədim sivilizasiyaya, qədim mədəniyyətə və tarixə malik olan bir ölkə olduğunu vurğulayan Birinci vitse-prezident deyib: “Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Ölkəmizdə mütəmadi şəkildə multikulturalizmə həsr olunmuş beynəlxalq forumlar, mədəniyyətlərarası dialoq forumu keçirilir. Azərbaycanın bu təşəbbüsü BMT, UNESCO, İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və dəstəklənir. 2008-ci ildə Bakıda Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilmişdir. Bu təşəbbüsə “Bakı Prosesi” adı verilmişdir. “Bakı Prosesi” bu il 10 illiyini qeyd edir. Bu proses davam edir, millətlər və xalqlar arasında səmərəli dialoqun qurulmasına xidmət edir.
Azərbaycan sülhsevər ölkədir. Biz qonşularımızla və digər dövlətlərlə siyasətimizi qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında qururuq. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, artıq 25 ildən çoxdur Azərbaycan xalqı qonşu Ermənistanın işğalçı siyasətindən əziyyət çəkir”.
Mehriban Əliyeva çıxışının sonunda Azərbaycan-İtaliya əməkdaşlığının yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq xüsusən humanitar sahədə olan əlaqələri qeyd edib: “Hesab edirəm ki, insanları və xalqları bir-birinə daha yaxın edən, daha dost mühit yaradan məhz humanitar sahədir, elmdir, mədəniyyətdir, təhsildir və bu sahələrdə biz böyük nailiyyətlər əldə etmişik. Əminəm ki, xalqlarımız arasında olan dostluq münasibətləri bundan sonra da güclənəcəkdir”.
* * *
Sonra konfrans işini panel iclaslarla davam etdirib. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində atdığı mütərəqqi addımlardan ətraflı bəhs olunub. Yüz il bundan əvvəl formalaşan Azərbaycan parlamentində müxtəlif millətlərin nümayəndələrinin təmsil olunması mühüm addım kimi qiymətləndirilib.
İtaliya-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyi bildirilib. Heydər Əliyev Fondunun ikitərəfli münasibətlərin inkişafına töhfəsi qeyd edilib.
Sonda Azərbaycan Xalq Cümhuriyyəti haqqında qısa film nümayiş olunub.