Prezident İlham Əliyevin tapşırığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü sentyabrın 25-də Qusar şəhərində gerçəkləşdi. Nazir Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan sakinləri qəbul etdi.
Qəbuldan öncə Əbülfəs Qarayev Qusar şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səsləndi.
Xaçmazdan qəbula gələnlər rayonda dekorativ-tətbiqi sənətilə bağlı muzeyin yaradılması, səyyar sənətkarlıq kurslarının təşkil olunması, işlə təmin olunma, milli vokal qrupunun yaradılması və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırdılar.
Quba sakinləri tərəfindən rayon Mərkəzi kitabxanasında aparılmış əsaslı təmirə görə minnətdarlıq ifadə olundu, həmçinin gözdən əlillər üçün xüsusi proqram və kitabxanalara yeni kitabların verilməsi, Qırız kəndindəki VIII-X əsrlərə aid olan Əbu Müslüm məscidinin bərpa olunması və tarixi abidə kimi qorunması, Mühüc və I Nügədi kəndlərindəki məscid binalarının təmiri, “Atəşgah” folklor kollektivinin rəsmi statusunun bərpa edilməsi barədə müraciətlər edildi.
Qusardan qəbula yazılan vətəndaşların müraciətləri rayonun Uşaq incəsənət məktəbinə yeni musiqi alətlərinin verilməsi, Qusar Dövlət Rəsm Qalereyasının nəzdində satış köşkünün açılması, işlə təmin olunma barədə idi.
Siyəzən sakinləri rayon Mərkəzi kitabxanasının fonduna neft sənayesinə aid kitabların verilməsi, rəsm qalereyasının yaradılması və digər məsələlərlə bağlı xahişlərini bildirdilər.
Şabran sakinləri Tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasının yenidən qurulması, xalq kollektivlərinin xarici ölkələrə səfərinin təşkili ilə bağlı nazirə müraciət etdilər.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verildi.