Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 91-ci mövsümünə qədəm qoyub.
Teatrdan bildirilib ki, mövsümün ilk günü gündüz seansında “Şirinlər”, axşam seansında isə Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunub.
“Şirinlər” tamaşasından əvvəl teatrın uşaqlar və yeniyetmələrlə iş üzrə əməkdaşı, Əməkdar artist Ötkəm İskəndərov balaca tamaşaçıları salamlayıb, teatrın onlar üçün hazırladığı maraqlı səhnə əsərlərindən söz açıb.
Sonra tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə uşaqlarla kiçik viktorina keçirib, qalib teatrın növbəti tamaşasına dəvətnamə ilə mükafatlandırılıb.
“Leyli və Məcnun” tamaşasından öncə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək bu mövsümün teatrın həyatında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Bu il teatrımızın 90 illik yubileyini qeyd edəcəyik. Ölkə başçısının bununla bağlı sərəncamı var və yubiley tədbiri ilin sonuna planlaşdırılır. Həmçinin bu yeni mövsümdə tamaşaçıların qarşısına yeni səhnə əsərləri ilə də çıxacağıq”.
Daha sonra “Leyli və Məcnun” tamaşası təqdim olunub. Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar artist Nicat Kazımovdur.