Yubilyara “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub

Moskva Müzikl Teatrında bu sənət ocağının bədii rəhbəri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun 70 illiyinə həsr edilmiş “Həyat gözəldir” adlı yeni tamaşa təqdim edilib.

Yubiley gecəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər.

P.Bülbüloğlu gecəyə toplaşanlar qarşısında çıxış edərək M.Şvıdkoyu yubileyi münasibətilə təbrik edib. O, deyib: “Mən bu qənaətə gəlmişəm ki, bu gün artıq Mixail Yefimoviç kimi insanlar doğulmur. O, əsl dostdur – çox səmimi, çox həssas və çox sədaqətli. Onu da bilirəm ki, Mixail Yefimoviç məni məzəmmət edəcək, çünki o, mənə dəfələrlə xəbərdarlıq etmişdi ki, heç bir təbrik və rəsmi nitqlər lazım deyil. Lakin mən öz Prezidentim İlham Əliyevin tapşırığını yerinə yetirməyə borcluyam. Səmimi desəm, bu tapşırıq mənim üçün Mixail Yefimoviçin sözlərindən qat-qat artıq məsuliyyət deməkdir”.

Səfir və Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu Mixail Şvıdkoya təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 19-da Mixail Şvıdkoyun iki ölkə arasında mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi barədə sərəncam imzalayıb.