Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 22-dən 24-dək Rusiya Federasiyasının Həştərxan vilayətində keçirilən “Xəzərin sahili” (“Kaspiyskiy bereq”) VI Beynəlxalq Teatr Festivalında təmsil olunub.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan səfərdə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərliyi ilə yaradıcı qrup iştirak edib.
Təmsilçilərimiz festivalda repertuarın yeni nümunəsi olan “Üç cəsur” tamaşası ilə çıxış edib. Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum pyesinin motivləri əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru və rus dilinə tərcümə edəni Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Rolları Rauf Babayev, Afət Ağayeva, Lina Məmmədova, Elmira Hüseynova, Adil Dəmirov və başqaları ifa edirlər.
“Xəzərin sahili” festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı və Həştərxan Vilayət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.
Festivalın açılışında Həştərxan Vilayət Hökuməti sədrinin müavini, mədəniyyət və turizm naziri Qalina Zoteyeva çıxış edərək iştirakçıları salamlayıb, sənət bayramının coğrafiyasının daha da genişlənməsini arzu etdiyini deyib.
Qeyd edək ki, festivalda Azərbaycan, Qazaxıstan, Rusiya Federasiyasının Dağıstan Respublikası, Tambov şəhəri və Ukraynanın Donetsk şəhərindən kukla teatrları qatılıblar.