Azərbaycan Milli Kitabxanasının 95 illiyinə həsr edilmiş elmi-praktik konfrans

Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 95 illiyinə həsr edilmiş “Milli kitabxanalarda innovasiyalar – dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılışı keçirildi.

Konfransı giriş nitqi ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbirin əhəmiyyətindən, kitabxananın keçdiyi inkişaf yolundan söz açdı. Prezident İlham Əliyevin Milli Kitabxanaya göstərdiyi qayğıdan danışan direktor kollektiv adından ölkə başçısına təşəkkür etdi. Bildirildi ki, kitabxananın 95 illik yubileyinə 13 ölkədən nümayəndələr təşrif buyurub.

 

Müasir çağırışlara cavab verən kitabxana öz gələcəyini təmin edir

 

Konfrans iştirakçılarını salamlayan mədəniyyət naziri Əbülfəs Qarayev qeyd etdi ki, Milli Kitabxanada reallaşan tədbirlər hər zaman ictimaiyyətdə müsbət əks-səda doğurur: “Bu gün isə kitabın böyük qüdrətinin bir daha şahidi oluruq. Milli Kitabxana müxtəlif qitələrin nümayəndələrini Bakıda bir araya gətirib. İnanıram ki, bu səfər tərəflər üçün müsbət nəticələr əldə etməyə səbəb olacaq. Həmçinin Bakının gəzməli-görməli yerləri, mədəniyyət abidələri ilə yaxından tanış olmaq imkanı qazanacaqsınız”.

Konfransın mövzusuna diqqət çəkən nazir dedi ki, bu gün kitab dünyası böyük sınaq dövrünü yaşayır. Çağımızda kitabxana sisteminin inkişafında innovativ yeniliklərin tətbiqi zəruridir və bu yöndə dünyanın aparıcı kitabxanalarının qarışlıqlı əməkdaşlıq və təcrübə mübadiləsi bu sahənin inkişafına təsir göstərər: “Kitabxanalar bu gün yeni çağırışlarla qarşı-qarşıyadır. Bu çağırışlara cavab verməyə nail olan kitabxana öz gələcəyini təmin edir. O kitabxanada ki innovativ düşüncəyə, yeniliklərə yanaşma yoxdur, orada kitabxana öz gələcəyinə məğlub olur”.

Qeyd olundu ki, bu gün ölkəmizdə fəaliyyət göstərən kitabxanalardakı kitabların sayı milyonlarladır. Milli Kitabxanada da beş milyondan artıq kitab saxlanılır. Bir il ərzində kitabxananın saytına 3 milyonadək baxış qeydə alınır.

Əbülfəs Qarayev vurğuladı ki, bu gün Milli Kitabxananın inkişafı üçün, hər şeydən öncə, müasir standartlara cavab verən mübadilə proqramı olmalıdır. Milli Kitabxanada, eləcə də bölgə kitabxanalarında ALİSA elektron proqramı tətbiq olunur. Kitabxana işində ən başlıca meyarlardan biri də biblioqrafik fəaliyyətdir. Milli Kitabxana bu istiqamətdə də böyük nailiyyətlər əldə edib. Həmçinin kitabxananın dissertasiya fondu dünyanın müxtəlif kitabxanaları ilə bu sahədə də əməkdaşlıq edir. Kitabxananın fondunun elektron daşıyıcılara köçürülməsi əsas istiqamətlərdən biridir. Çünki elektron daşıyıcılara köçürülən məlumatla dünyanın hər bir yerindən tanış olmaq mümkündür. Milli Kitabxananın səyi nəticəsində bu gün Azərbaycan bəstəkarlarının 300-dən çox əsəri dünya musiqi şəbəkəsinə daxil olub.

“Müasir dövrdə kitabxanalar kitab qəbiristanlığına çevrilməməli, yeni innovativ yanaşmalarla həm virtual, həm də real aləmdə öz fondlarının dövr etməsinə çalışmalıdırlar”, - deyən Əbülfəs Qarayev əlamətdar yubiley münasibətilə Milli Kitabxananın kollektivinə və kitabsevərlərə xoş diləklərini çatdırdı.

 

Milli Kitabxana ölkəmizi və onun mədəniyyətini layiqincə təbliğ edir

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konfransın əhəmiyyətindən söz açdı. Bildirdi ki, belə mötəbər konfransın Milli Kitabxananın 95 illiyinə həsr edilməsi olduqca əlamətdardır. Qeyd olundu ki, kitab və kitabxananın insanın bilik və mənəviyyatının zənginləşməsində böyük rolu var. Milli Kitabxana aktiv fəaliyyəti ilə hər zaman müxtəlif ölkələrdə təşkil edilən sərgilərdə ölkəmizi və onun mədəniyyətini layiqincə təbliğ edir, eyni zamanda dünya mədəniyyətinin ölkəmizdə təbliğini həyata keçirir.

Rəhbərlik etdiyi fondun fəaliyyətindən danışan G.Əfəndiyeva qeyd etdi ki, bizim məqsədimiz ilk növbədə türkdilli xalqları bir araya gətirməkdən ibarətdir: “Türk dünyasına məxsus qədim mədəni irsi, zəngin mədəniyyət xəzinəsini dünyaya təqdim etmək də əsas missiyamızdır. Fondun həyata keçirdiyi layihələr müxtəlif istiqamətləri əhatə edir. Dahi şəxsiyyətlər və əlamətdar hadisələrlə bağlı kitablar nəşr edirik. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və “Manas” dastanları ilə bağlı müəyyən tədqiqatlar aparılır və bu ilin sonunadək nəfis tərtibatlı kitabların ərsəyə gəlməsi nəzərdə tutulur. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olaraq Milli Kitabxana ilə də çox yaxşı əməkdaşlıq əlaqələrimiz var”.

* * *

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirdi ki, qocaman elm və bilik məbədi 95 ildə zəngin inkişaf yolu keçib. Milli Kitabxana mühüm elmi-mədəni mərkəz kimi kitab işinin təşkilində aparıcı rol oynayır: “Milli Kitabxana Azərbaycan dövlətçiliyi, müasir siyasəti, elmi və mədəni həyatı ilə bağlı mötəbər tədbirlərin keçirildiyi mərkəzlərdəndir. Bu kitabxana, hər şeydən əvvəl, ölkəmizdə kitabxana işinin modelini təqdim edir. Kitabxananın nəşr etdiyi biblioqrafiyalar ölkəmizdə müxtəlif təşkilatlarda, elmi qurumlarda, ali məktəblərdə çap olunan biblioqrafiyaların ən müasir modelini özündə əks etdirir. Bunlar ciddi elmi nəşrlərdir, ölkəmiz üçün çox mühüm mənbələrdir”.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, akademik Nizami Cəfərov çıxış edərək Milli Kitabxananın həmişə mədəniyyətimizə, elmimizə, milli ideologiyaya xidmət etdiyini vurğuladı. Diqqətə çatdırdı ki, milli kitabxanalar dövlətin əsas atributlarından biri olmaqla bir ölkənin, bir millətin kitab mədəniyyətini toplayıb saxlayan bir müəssisədən, bəşəri dəyərləri, dünyanın ən qiymətli, nadir kitab sərvətini cəmləşdirən, beynəlxalq əlaqələr yaradan mədəniyyətlərarası kommunikasiyanın əsas vasitəsinə, dövlət kitabsaxlayıcısına çevrilib.

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və yayımlar idarəsinin rəhbəri, qardaş ölkənin Milli Kitabxanasının direktoru Hamdi Turşuçu çıxış edərək konfrans iştirakçılarını salamladı. Bildirdi ki, Türkiyə Milli Kitabxanasının dünyanın əksər ölkəsi ilə əməkdaşlığı var: “Lakin Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlıq tarixi, mədəni və könül birliyinə əsaslanan bir əməkdaşlıqdır. Bu yubiley günündə Azərbaycana dəvət almağımdan çox məmnunam. Hesab edirəm ki, iki gün ərzində konfransda müzakirə ediləcək  məsələlər hər birimiz üçün maraqlı nəticələr əldə etməyə yardımçı olacaq. Konfrans kitabxanalar arasında əməkdaşlıq dəhlizi yaratmaqla elmi mübadilənin ötürülməsində böyük əhəmiyyət kəsb edəcək”.

* * *

Tədbirin sonunda mədəniyyət naziri Əbülfəs Qarayev konfransın işinə uğurlar arzulayaraq qonaqlara sentyabrın 27-dən Azərbaycanda ilk dəfə olaraq keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı haqqında məlumat verdi. Bildirdi ki, Şərqin dahi şair və mütəfəkkirlərindən İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır. Nazir bütün qonaqları festivalın mədəni proqramları ilə tanış olmağa dəvət etdi.

 

Təqdimat və məruzələr dinlənildi

 

Beynəlxalq elmi-praktik konfrans günün ikinci yarısında məruzələrin dinlənilməsi ilə davam etdi.

Əvvəlcə Azərbaycan Milli Kitabxanasının direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanasının elektron resurs kolleksiyaları” mövzusunda təqdimatla çıxış etdi. Bildirdi ki, Milli Kitabxana yaranarkən onun fondunda 5 min kitab olmuşdu, hazırda bu rəqəm beş milyondur. 2017-ci ilin hesabatına görə, Milli Kitabxananın oxucularının sayı 230 min, onun saytından, elektron kitabxanasından istifadə edən oxucuların sayı isə 3 milyondan çoxdur.

Sonra Qətər Milli Kitabxanasının icraçı direktoru Sohair Vastavi “Dünyanın ən yeni Milli Kitabxanasında informasiya texnologiyaları”, Martinas Mazvidas adına Litva Milli Kitabxanasının baş direktoru Renaldas Gudauskas “Litva Milli Kitabxanası – müasir dövlət xatirə müəssisəsi”, Slovakiya Milli Kitabxanasının bölmə müdiri Janka Dropkova “Slovakiya Milli Kitabxanasında innovasiyalar”, Rusiya Dövlət Kitabxanasının direktor müavini Natalya Samoylenko “Rusiya Dövlət Kitabxanasının fondlarının dizayn-sərgi fəaliyyəti vasitəsilə açılması”, Bosniya və Herseqovina Milli və Universitet Kitabxanasının direktoru İsmet Ovcina “Rəqəmsal dövrdə milli kitabxanaların elektron resursları”, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova “Rəqəmsallaşmanın optimallaşdırma yolları: AMEA Mərkəzi Elmi Kitabxanasının Milli Rəqəmsal Yaddaş layihəsinin təcrübəsi əsasında” mövzusunda, həmçinin digər iştirakçılar məruzələrlə çıxış etdilər. 

Milli Kitabxananın direktoru Kərim Tahirov diqqətə çatdırdı ki, məruzələr noyabr ayının sonunadək elmi məcmuə şəklində nəşr olunaraq oxucuların ixtiyarına veriləcək.

Beynəlxalq elmi-praktik konfrans sentyabrın 28-də işini başa vuracaq.

Lalə AZƏRİ