Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Mili Kino Mükafatı bu il görkəmli aktyor, Xalq artisti Ələddin Abbasova təqdim ediləcək. Bu barədə iyulun 6-da qurumun idarə heyətinin iclasında qərar qəbul olunub. İclasda 2 avqust - Azərbaycan Kinosu Gününə hazırlıq işlərinin gedişi müzakirə edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ötən il təsis etdiyi Milli Kino Mükafatının ilk laureatı unudulmaz aktyor, Xalq artisti Yaşar Nuri olmuşdu.
Mükafatın builki sahibi Ələddin Aslan oğlu Abbasov 1922-ci il mayın 5-də Gəncədə anadan olub. Gəncə Dövlət Dram Teatrının aktyoru olan görkəmli sənətkar milli kinomuzda da maraqlı obrazlar qalereyası yaradıb. “Torpaq. Dəniz. Od. Səma” (1967), “Mən ki, gözəl deyildim” (1968), “Dəli Kür” (1969), “Qatır Məmməd” (1974), “Od içində” (1978), “Gözlə məni” (1981), “Qocalar, qocalar...” (1982), “Nizami” (1982), “İşarəni dənizdən gözləyin” (1986), “Qətl günü” (1990), “Özgə vaxt” (1996) və s. filmlərdə müxtəlif səpkili rollar ifa edib. Sənətkarın “Dəli Kür” filmində yaratdığı Cahandar ağa obrazı milli kino qəhrəmanlarımız sırasında xüsusi yer tutur.
Ələddin Abbasov 1958-ci ildə respublikanın Əməkdar artisti, 1971-ci ildə Xalq artisti adına layiq görülüb. 2005-ci ildə “Qızıl Dərviş” mükafatı laureatı olub. Milli Kino Mükafatı qocaman sənətkara kino işçilərinin peşə bayramı günündə - avqustun 2-də təqdim ediləcək.