Moskva vilayətinin qubernatoru Andrey Vorobyov həmyerlimiz, tanınmış jurnalist, teleaparıcı Nərmin Şirəliyevanı vilayətin mədəniyyət naziri təyin edib.
Nərmin Şirəliyeva 2013-cü ildən Moskva Vilayəti Qubernatorunun Administrasiyasında nazir ranqında mədəniyyət müşaviri vəzifəsində işləyirdi. Onun təşəbbüsü ilə Moskva vilayətində bir sıra iri mədəniyyət layihələri, xüsusən “Moskva ətrafında ilin fəsilləri”, Rusiyanın kiçik şəhərlərinin teatr festivalı, “Çaykovski ilə Moskvaətrafı gecələri” festivalı, “İlk tamaşaçı”, “Paytaxt teatrlarının Moskvaətrafı afişası”, “Masa festivalı” və digər aksiyalar həyata keçirilib.
Nərmin Oqtay qızı Şirəliyeva 1974-cü ildə Bakıda anadan olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur. 1996-cı ildə “Kultura” qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb. 1998-ci ildən “Kultura” telekanalında fəaliyyətini davam etdirib. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasını bitirdikdən sonra 2004-cü ildə “Rusiya və Fransanın mədəni əlaqələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb. İngilis və fransız dillərini mükəmməl bilir.