İtaliya paytaxtında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi də açılıb
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 25-26 sentyabr tarixində İtaliyada rəsmi səfərdə olub. Birinci vitse-prezident səfər çərçivəsində sentyabrın 26-da Roma Papası Fransisk ilə görüşüb.
Görüşdə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın mədəni irsin qorunması sahəsində daha da genişləndiyi vurğulanıb. Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyi qeyd edilib. Söhbət zamanı Heydər Əliyev Fondunun xristian abidələrinin qorunması, bərpası istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.
* * *
Həmin gün Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının açılışı olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
Birinci vitse-prezident Mehriban Əliyeva və Kardinal Can-Franko Ravazi rəmzi açılışı bildirən lenti kəsiblər.
Romanın tarixi məkanında Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərinə 2016-cı ildə başlanılıb. Görülən işlərə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq ifadə olunub. Bildirilib ki, bərpa işləri mükəmməl həyata keçirilib. Ümumilikdə, katakombalarda 8 minə yaxın sərdabə yerləşir. Katakombaların zəngin tarixi var. Onlar bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıyır. Əvvəllər Romada müqəddəs Sebastian kilsəsinin altında yerləşən dəfn qalereyalarına katakombalar deyilirdi. Bu katakombalar 1578-ci ildə aşkarlanıb. Buradakı bəzi abidələrin yaşı III əsrə gedib çıxır.
Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Marçellinio və Pietro katakombaları da bərpa olunub. Dünya mədəniyyəti, xüsusilə də xristianlar üçün böyük mənəvi dəyəri olan katakombaların müsəlman ölkəsi Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələri bərpa etməsi həm də ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyətə malikdir.
* * *
Xatırladaq ki, sentyabrın 25-də Romadakı Custiniani sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinə həsr olunmuş konfrans keçirilmişdi. Həmin gün axşam Romada Cümhuriyyətin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib.
Tədbir çərçivəsində təşkil olunan sərgi maraqla qarşılanıb.
Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yol, onun yaradıcıları və qazandığı uğurlar barədə məlumat verilib. Burada, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, diplomatik uğurları, o dövrdə hərbi, mədəni, sənaye sahələrində həyata keçirilən islahatlar barədə də geniş məlumatlar yer alıb. Sərgidə, eyni zamanda, Azərbaycanın müstəqilliyinin bərpası, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkəmizin qazandığı nailiyyətlərlə bağlı məlumatlar təqdim olunub.
Tədbirdə Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də nümayiş etdirilib.