Ekran əsəri almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr edilib

Azərbaycan Dövlət Film Fondunun binası. Yəqin ki, bir çoxları, o cümlədən həmkarlarımız bu ünvana bələddir. Gəlin, bir anlıq həmin binanı Almaniya səfirliyi kimi təsəvvür edək... Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən lentə alınan “Əlvida, Şmidt” filmində Almaniya səfirliyi məhz burada “yerləşir”...

Filmin çəkiliş meydançasındayam. Səhər tezdən Dövlət Film Fondunun həyətində kinostudiyanın qocaman əməkdaşı, bir çox filmlərin direktoru və inzibatçısı Arif Səfərovun fəhlələrə göstəriş verdiyini, nəyisə ölçüb-biçdiyini görəndə məlum oldu ki, bir neçə saatdan sonra çəkilişlərə start veriləcək.

Budur, heyət tam hazırdır. Çəkiliş meydançasında yaşlı peşəkar və gənclərin bir arada çalışması ilk baxışdan diqqəti çəkir. İkinci rejissor Akif Rüstəmov, icraçı prodüser Tərlan Babayev, Xalq artisti Şamil Süleymanlı da çəkiliş meydançasında görünür.

Hələ “motor!” komandası verilməyib. Odur ki, fürsət tapıb filmin quruluşçu rejissoru Əlisəttar Quliyevə yaxınlaşıram.

Həddən artıq məşğul olan rejissor əsas suallarımızı cavablandırır. Çünki müxtəlif ölkələrin Bakıdakı səfirliklərindən gəlmiş nümayəndələr də çəkilişdə iştirak etdikləri üçün hər dəqiqə qiymətlidir.

Rejissor bildirir ki, filmin çəkilişlərinin 60 faizi həyata keçirilib və oktyabrın əvvəllərində proses yekunlaşacaq. Çəkilişlər Bakıda baş qəhrəmanın yaşadığı evdə - alman kirxası ərazisində və Ələt yolunda davam edəcək.

Səs-küy, hazırlıqlar, qurğular, rejissorlar, operator köməkçiləri ilə məsləhətləşmələri görüb Əlisəttar Quliyevə “Yaradıcı qrup sizi yormur ki” sualını ünvanlayıram. Quruluşçu rejissor çox mehriban və peşəkar bir çəkiliş qrupunun olduğunu bildirir: “Kino sənətimizin korifeyləri, sənətini dərin bilən peşəkarlarla bir yerdə çalışmaq böyük zövq verir. Filmdə özəl studiyalardan da nümayəndələr təmsil olunur və bir komanda şəklində işləyirik”.

Budur, “motor!” səslənir və çəkiliş davam edir. Quruluşçu operator Nadir Mehdiyev əsas obrazı yaradan aktyor Azər Aydəmirə öz göstərişlərini verir: “Pilləkənlərdən düşürsən..., asta-asta gəl..., sağa dön və bayrağa bax...”.

Fondun binası qarşısına vurulan “Almaniya səfirliyi” lövhəsi və Almaniyanın bayrağı istər-istəməz mənim də diqqətimi eyni nöqtəyə yönəldir. Lakin çəkiliş prosesinə mane olmamaq üçün sakitcə kənardan seyr edirəm. Onsuz da fotolar “danışacaq” deyə bir neçə fotoşəkil lentə alıb çəkiliş meydançasını tərk edirəm.

Qeyd edək ki, “Əlvida, Şmidt” “Azərbaycanfilm” kinostudiyası nəzdində fəaliyyət göstərən “Mozalan” studiyasında Mədəniyyət Nazirliyinin sifarişi ilə lentə alınır. Film Azərbaycanda almanların məskunlaşmasının 200 illiyinə həsr edilib. Ekran əsərində Azərbaycanda doğulan alman Emil Şmidtin başına gələn hadisələrdən bəhs olunur. O öz sevgi və xoşbəxtliyini burada tapır. Tragikomediya janrında çəkilən ekran əsərində hadisələr Göygöl (keçmiş Helenendorf) və Bakıda cərəyan edir. Kinolent dostluq və vətənə sevgini, ölkəmizin multikultural dəyərlərini əks etdirəcək.

Filmin premyerası 2019-cu ilə nəzərdə tutulur və həmin il Azərbaycanda ilk alman məskəninin (Helenendorf) salınmasının 200 ili tamam olacaq.

Ekran əsərinin ssenari müəllifi Rüstəm Babazadə, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayevdir. Əsas obrazları Əməkdar artist Rasim Cəfər, aktyorlar Azər Aydəmir və A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrından dəvət olunmuş aktrisa Məryəm Kitiya ifa edəcək. Filmdə həmçinin xalq artistləri Şamil Süleymanlı, Qurban İsmayılov və Əməkdar artist Zemfira Sadıqova rol alıb.

Lalə AZƏRİ