Bunu – 37 yaşınadək üç minə yaxın rəsm, üç avtoportret yaratmış Van Qoq öz yaşamıyla yapmış...

Dünya incəsənəti qalereyasındakı bu analoqsuz həyat və yaradıcılıq “tablo”suna adekvat diqqətlə baxa bilsək, belə bir qənaət də hasil etmək mümkün: elə ki başqalarının iztirablarını onların özlərindən də fazla fazada sinirdin, yadların ağrı-acılarını da özününkü kimi qəbul etdin, işin bitdi; ya dəli olacaqsan, ya səfil...

Amma bu möcüzəvi holland həm də dahi oldu...

Özü də bunlar ona məxsus “qəribəliklər”in (psixi sarsıntılar pikində “ən çox sevdiyi” boyaları yeməsi, ömürsonuna yaxın kəsilmiş qulağını aşiq olduğu qıza  hədiyyələməsi, hələ lap gənckən “mən kor adamlara rəsm satmaram!” kaprizilə “tapşırmışam ki, tabutumu qəbrə rəsmlərimlə birgə qoysunlar!” nidalı “ərəfə vəsiyyəti” və s.) sonu deyildi; 1890-ın 29 iyulunda camaat onun evindən atəş səsi, qardaşı isə bu iniltisiz intiharçının dilindən (dünyanın əbədi əhval tablosu təsiri bağışlayan) belə bir pıçıltı eşidir:

 

“Qəm daim davam edəcək...”

 

Vaxt ötdükcə bütün bəşəriyyətin eşidib-düşünəcəyi o atəş və pıçıltıdan üç gün sonra məşhur həmkarı K.Pissarro oğluna məktubunda yazacaqdı: “Bilirdim ki, Van ya dəli olacaq, ya da – bizim hamımızı o dünyaya səfərdə də xeyli qabaqlayacaq... Lakin hər ikisini edəcəyi ağlıma gəlməzdi…”

Onun “Mən kor adamlara rəsm satmaram!” deməsi necə, ağlasığanmı? Özü də kimlərə?! “Rəsmdən bir şey anlamayan holland yoxdur” (A.Kamyu) deyimilə qiymətləndirilmiş bir ölkə xalqına...

“Kor adamlara...”

 

Dahiliyə –

 

xüsusilə Van Qoqluğa yaraşmayan bu acığın nə vaxt, hansı situasiyada deyilməsi, sağkən “tam maraqsız”lığının, yoxkən “tam düha”lığının birmənalı qəbul edilməsi, əsərlərindən bəzilərinin auksionlarda rekord qiymətlərə (150 000 000 dollardan da yuxarı) satılması kimi faktları belə bir xitab kölgəsinə buraxıram: “adi”lik dövrlərində yaradılmış bu əsərlərin “qeyri-adi”lik təyini, “dahiyanə”lik meyarı kimi qiymətləndirilməsi üçün bu rəssam mütləq ölməliymişmi?..

Dərki çox baha başa gələn bu sualı bizim söz tabloçularımızdan Əli Kərimin misraları ilə cavablandırıram: “Sən mənim qədrimi biləsən deyə, Bu cavan yaşımda ölümmü indi?!”

Əsasən 1870-ci illərin sonundan təsviri incəsənətlə məşğulluq, Brüssel və Antverpen rəssamlıq akademiyalarında (1880-1886) aldığı mükəmməl təhsil, dövrün tanınmış rəssamlarının məsləhətləri Vanı tezliklə (və qeyri-adi sürətlə!) addımlayacağı dahilik yoluna səmtləyir. Lakin bu dövr əsərlərinədək yaşadığı dərin psixoloji gərginlikləri, tez-tez üzləşdiyi maddi problemləri ehtiva edən tünd (tündməcaz!) rənglər, kəskin-dramatik keçidlər, qəmgin təəssüratlar belə bir ecazkar bədii “epiqriz” də sərgiləyir ki, o elə həmin templə “son mənzil”ə doğru da addımlayırmış. Özü də –

 

Belə bir tərcümeyi-halla:

 

Hollandiyada (Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsi) keşiş ata, evdar ana ailəsində dünyaya (1853) gəlir. Çox şeyini rəngsiz gördüyü məktəbi yarımçıq buraxıb, “avara və yalqız” keçirdiyi uşaqlıqda “öz içinə bağlı” bir həyat sürür. Atasının dəstəyilə rəsm qalereyasında iş həyatına başlasa da, içindəki yaxı-çəki yönəli eşq “virus”u onu rahat buraxmır. İyirmi üç yaşınadək Haaqa, Brüssel, London və Parisin rəssamlıq müəssisələrində adi satıcılıq, müəllimlik, teologiyanı qədərincə öyrəndikdən sonra isə Belçikanın Borinaj şəhərində din xadimliyi edir. London (Goupil) Qalereyasında çalışarkən kirayəsində yaşadığı evin yeniyetmə qızına necə vurulursa, öz yaşından artıq bir ehtirasla ona təcili evlənmək təklifi edir. Lakin aldığı mənfi cavab 22 yaşlı Vinsentə “müstəqil gənclik” erasının ilk “ictimai sarsıntı”sını yaşadır və o, təcili olaraq “hadisə yerindən” uzaqlaşır.

Bu “ilk məhəbbət” zəhərini can-qanından xaric etməyə çalışan aşiq könlünü büsbütün rəsm pərisinə verir. Küçə sərgərdanlıqlarından bezdiyi məqamlarda rəsm qalereyalarına, muzeylərə baş çəkir. Bunlardan da bir sakitlik tapmadığını duyub, “əcnəbi şəhər və ölkə səfərləri”nə başlayır. Lakin daimi “xarakter atributları” ilə birgə! Bu isə onu haqyeyənlərin gözündə dəliyə, müdafiə etdiyi kəndlilərin, qazmaçıların aləmində müasir İsaya çevirir...

Doğma yurduna qayıtdıqdan sonra məşhur rəssamlardan aldığı dərslər və qardaşı Teodan gördüyü dəstək sayəsində xeyli dirçəlsə də, uzun illər görmədiyi dul əmiqızısıyla rastlaşması onun hərəkələrini yenidən özəl “təyinat”ına – “dəli”lik ritminə qoşur.

Əsl Tale təyinatı olan dahiliksə daim –

 

Yaxasında!

 

Mütəxəssislərin fikrincə, vəfatına iki il qalmış Arla gəlib, “axır ki, bir yerdə bir xeyli dayanıqlayan” Van Qoqun “formalaşma” prosesini (üslub, işləmə, təsvir metodikası və s.) “tam yekunlaşmış hesab etmək olar”. Ancaq bu “tamamilə yeni” mərhələ işləri, sənətkarlıq baxımından heç də “köhnə” hesab edilməyən əvvəlki mərhələdəkilərlə müqayisədə antaqonluq ovqatı da saçır. Belə ki, tarixcə birincilərin əksəriyyətində günəşli-gündüzlü ab-hava, qızılı fon-tonlu tarlalar, qırmızı qırım-durumlu zəhmətkeş insanlar, həyatın daha çox xoş həqiqətləri, insanlara sevgi, acı talelərə şəfqət hisləri, dünyanın ən küskün tamaşaçısını belə major həyat ritminə qoşası rənglər… İkinci dövr (hər biri öz müəllifini bir üz də dahiləşdirəsi) tablolarının baş qəhrəmanları isə; müqəyyəd nigaranlıqlara doğru uzanan qaranlıq küçələr, sanki üstünə heç bir sabah-səhər işığı doğmayası gecə klubları, mübahisə-münaqişə ulduzları heç vaxt barışmayası küskün, düşkün, qəzəbli həmsöhbətlər, nəfsi əxlaqından iti pulaxtaranlar, gizli içləri aşkar baxışlarından da yüngül səfil, fahişə kimsələr…

Tarixi faktlar, tədqiqatlar, xatirələr deyir ki; –

 

Böyük İncəsənətə...

 

dəhşətli vurğunluğu, evsiz-eşiksiz qadınlara isə (obyektiv-subyektiv səbəblərdən evlənə bilməməsinə rəğmən) vəhşətli mübtəlalığı bu dahinin nəfəsini kəsib və bunlar – digər “çalarlı” xarakter cizgilərilə (sənətkarlıq istedadından aşağı olmayan “eqo”su səbəbilə dava-dalaşlar, ruhi xəstəxanalar və s.) çulğaşaraq, onsuz da çox qısa ömürlü bu anadangəlmə rəssamın son illərini büsbütün qara boyayıb... 

İş prinsipini “quru” texnikilik (işıq, həcm, aydın rənglər və onların sıxlığı, laylar sayı və s.) deyil, yaşanan hislərin müşahidəçiyə (başqa sözlə, baxılanın baxana) çatdırılma istəyini ehtiva edən impressionizmin ən çılğın-çılpaqçılarından olmuş Van Qoqun əsərlərindən ağızdolusu danışmaq xeyli asan, arın-arxayın yazmaq isə, yayda qar iştahası.

 

Çünki...

 

bu əsərlərin hər biri öz “nağıl”ını hərəyə bir cür nəql edir. “Hökm”ümü bir az yumşaltmaqçün əlavə edim ki, bu rəsmlərin şərh taleyi seyrçilərinin elitar və ya proletar qavrayışına, rəsmi pasionarlıq və ya xəlqi emossionallığına bağlı. Məsələn (yox, “Günəbaxanlar” yox, bu, bir kitablıq söhbət!), “Arlda gecə”. Kimsə daha çox bu küçədəki qoxunu hiss edir, kimsə qorxunu. Birinin baxışları buradakı daşların qabarıqlığına ilişib qalır, obirinin duyğuları fənər işığının istisində, qulaqları – bu əsrarəngiz “gecənin səsində”...

Yaxud “Toxucu dəzgahı qarşısında”. Müəllifin buradakı mexaniki qurğu qarşısında oturmuş insanı bu ruhsuz maşının “davamiyyəti” (növbəti detalı) kimi verdiyini  söyləyənlər də ola bilər, balaca bir bəndənin nəhəng bir əşyaya ağalıq etməsi işarəti kimi də. 

 

Həyatı da çox “mozaik”...

 

“Van Qoq. Həyatı” kitabının müəlliflərinin (S.Nayfe və Q.Smit) qənaətincə, o, tanıdığı iki oğlandan birinin əlindəki tapançanın təsadüfən açılması nəticəsində ölüb. Digər versiyalara görə, mehmanxanada qaldığı günlərin birində sünbül zəmisini rəsm etməkçün getdiyi tarlada özünü güllələyib. Başqa bir versiya: “V.Qoq “Ovür-sür-Uaz” ruhi xəstəxanasında tamamladığı son əsəri (“Buğda tarlası və qarğalar”) qarşısında intihar etmişdir”.

Qulağının necə, haçan, özü ya başqası tərəfindən kəsilməsi versiyaları isə daha “zəngin”. Bizcə, həmkarı – fransız “Pol Qogen əhvalatı” daha inandırıcı. 

Bəli, pozğun bir xanım naminə savaşa başlayan bu iki dostun biri ülgücə, o biri şpaqaya sarılır. Anlar ötür, şiddətlər artır və qarşılıqlı cəld hərəkətlərin birində hollandlının bir qulağının yarısı düşür torpağa. Qogen qorxudan ildırım sürətilə qaçır, Van Qoqsa, qulağının kəsilmiş hissəsinin qanını ləzzətlə yalayıb dəsmalına bükür, sevimli Raşelinin qapısını döyüb, deyir: “Bu xəzinəni qoru!”

Bir neçə vaxtdan sonra, həmin qapını döyüb sahibəyə (birini “Kəsilmiş qulaq və qəlyanla”, digərini “Cuna ilə sarınmış qulaqla” adlandırdığı) iki əsər uzadır. Ac-yalavac həyat sürən Raşel isə (bir azdan milyonlarla dollara satılacaq) bu rəsmləri rədd edir…

Hələ o “qulaqkəsdi” ilə bağlı məşhur istintaq prosesi; Van Qoq polis idarəsində dostunun (şübhəli sevgi bəslədiyi Qogenin) törətdiyi bu xəta haqda susub, rəqibinin yalanını (“Van Qoq qulağını özü kəsmişdir”) “doğrultması” ilə tədqiqatçılarından birinə belə bir fraza da bəxş etmiş olub: “Sorğu-sual zamanı Van Qoq bir kəlmə də danışmayıb; sanki onun qulağı yerinə dili kəsilibmiş”... 

Yoxluğunda əsərlərinin dəyərini “milyonlar”a qaldırmış xələflərin onun sağlığındakı sələflərinə (ümumən dünyanın bu əbədi ənənəsinə) nə deyəsən?..

Ərz edək ki, o doğumdan bəriki bu 165 il, o 37 il “vunderkind”ini hələ layiqincə açıb-aşkarlaya bilməyib. Hətta avtobioqrafik janrın banisi İrvinq Stounun “Yaşamaq yanğısı” əsəri və eyni adla lentə alınmış film (1956) belə...

 

Tufansayağı iki il...

 

1888-də Parisi tərk edib, Fransanın Arl adlı cənub əyalət şəhərciyinə köçən Van “Arlda biçin”, “Çiçəkləyən ağac”, “Çubuq çəkən kişi”, “Provansda böyük yol”, “Alp dağlarının ətəklərində”, “Sərv ağaclarının əhatəsində sarı sünbüllər” şedevrlərini yaradır. Hər fürsətdə sağlamlığı qayğısına qalan həkim (həvəskar rəssam və sənətşünas) dostuna həsr etdiyi (maddilikdən çox mənəvilik təsiri bağışlayan, seyrçiyə rəngdən çox söz kimi görünən) “Doktor Qaşenin portreti”ndəki subyekt isə... vallahi, çox şeylə bərabər, onu rəsm edənin labüd ölümü barədə də düşünür... 

Bəli, o, içində daşıdığı bütün hislərin ifadəsini yalnız rənglərdə tapdı. İnsanlar bunu tapanda isə Vinsent Van Qoq özü yoxa çıxmışdı...

 

Yüz qırx səkkiz ildir –

 

bəşəriyyətin keçirdiyi ali incəsənət duyğularında bənzərsiz payı olan bu sənətkarın canlı ikən yaşadığı xoş dəqiqələri də bu yazı hesabına salaq: “Qırmızı üzüm bağı” tablosunu (bütün ömrü uzunu ilk və son olaraq) sata bilməsi, yaradıcılığı barədə məşhur bir jurnalda dərc olunan (sağkən ilk və son) yazı və rəssamlığı adına aldığı (bu da yuxarıdakı mötərizələrdəki sayda) mükafat...

Səhifəmdə - bu incəsənət nəhəngi haqda deyilmiş maraqlı fikirlərə kifayət edəcək yer qalmadığından (və onları tapıb oxumaq reallığı olduğundan), özümdən daha iki nüans:

1) Van Qoq müsəlman olsaydı, deyərdim: “Leyli rənglər Məcnunu...”;

2) Bir həftə öncə “TRT Belgesel”də izlədiyim qısametrajlı filmdə gördüm, onun “Günəbaxanlar”ını günlərlə “imitasiya”ladıqdan sonra Hollandiyaya səfər edib, “dünya ustadı” adlandırdığı bu dahinin gəzdiyi yerlərdə addımlayıb, bir neçə əsərinin “obyekt”lərinə baş çəkib öz vətəninə – Çinə qayıdan bir gənc rəssam bütün bunları danışdıqca, masa arxasında əyləşmişlər içərisində gözəlliyilə də seçilən bir qız elə hey ağlayır, ağlayır... Filmçilər isə... hər dəfə hönkürdükcə əllərilə üzünü qapayan o gözəlin sifətini bircə kərə də iri planda göstərmir...

Və bu səhnə onsuz da öz qəribəliklərilə xülyalaşmış Van Qoqu bir az da illüzionlaşdırdı...

Tahir ABBASLI