Nəriman Məmmədov: “Məqsədimiz Azərbaycan mədəniyyətini kinomuz vasitəsilə təbliğ etməkdir”
Azərbaycan kinosunun təbliğinə xidmət edən "Az Cinema Online" layihəsi barədə oxucularımıza məlumat vermişdik. “Nərimanfilm” kino şirkətinin Mədəniyyət və Turizm Nazirliyi, “Paşa Bank”, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Prodüserlər Gildiyasının dəstəyi ilə həyata keçirdiyi layihə üzrə hazırlanan www.azcinemaonline.com saytı milli kinomuzun həvəskarları üçün əsl hədiyyədir. Saytın istifadəçiləri Azərbaycanda ötən əsrin əvvəllərindən indiyədək çəkilən filmlərlə yanaşı, kino dünyasında, mədəni həyatımızda baş verən ən son yeniliklərlə də tanış olmaq imkanı qazanırlar. Müsahibimiz “Nərimanfilm” kino şirkətinin baş direktoru Nəriman Məmmədovdur.
- “Az Cinema Online" saytının yaradılması ideyası necə yarandı və əsas məqsədiniz nədir?
- Azərbaycan kinematoqrafiyasında əsas çətinliklərdən biri filmlərin yayımlanması məsələsidir. Son illərdə çox maraqlı filmlərimiz - həm tammetrajlı, həm də qısametrajlı ekran əsərləri istehsal olunub. Amma geniş tamaşaçı kütləsinin bu filmlərlə tanış olduğunu deyə bilmərik. Bununla yanaşı, Azərbaycan kinosunun keçmişdə istehsal olunmuş bir çox nümunələrinə bu gün böyük tamaşaçı marağı var. Buna görə də biz belə qərara gəldik ki, bu problemin həllinə öz töhfəmizi verək. İnternet kinoteatrı yaratmaq ideyası belə yarandı. Məqsədimiz Azərbaycan mədəniyyətini kinomuz vasitəsilə təbliğ etməkdən ibarətdir. İnternet kinoteatra Azərbaycan filmlərinin bütün kolleksiyası daxil edilib. Buraya bədii, sənədli və animasiya filmləri daxildir. Bu, bir tərəfdən Azərbaycan filmlərinin öz tamaşaçılarımıza çatdırılmasına, digər tərəfdən isə rejissorların işlərinin internet aləmində yayılmasına və bu sənət nümunələrinin həm ölkəmizdə, həm də dünya miqyasında tanıdılmasına xidmət edir. Bu layihə sayəsində ölkəmizdən kənarda yaşayan həmvətənlərimiz də Azərbaycanda baş verən ən son kino və mədəniyyət hadisələri ilə tanış ola biləcəklər.
Saytın rəsmi təqdimatı bu ilin martında Nizami Kino Mərkəzində baş tutdu. Bu işdə bizə yaxından köməklik göstərən Mədəniyyət və Turizm Nazirliyinə, “Paşa Bank”a, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına, Prodüserlər Gildiyasına öz təşəkkürümü bildirirəm. Onlar layihənin reallaşmasında yaxından köməklik göstərdilər və bu gün də bizi dəstəkləyirlər.
- Saytda film müəlliflərinin hüquqları qorunurmu?
- "Az Cinema Online"də bütün Azərbaycan filmləri yayımlanacaq. Zəngin kinokolleksiyada tamaşaçılar bütün rejissorların işləri ilə yaxından tanış ola biləcəklər. Milli kinomuzun ilk dövrlərindən bu günədək çəkilən filmlər burada yerləşdiriləcək. Bütün bu işlər müəyyən müqavilələr və hüquqi aktlarla tənzimlənir. Əsas məqsəd Azərbaycan kinosunu dünyada tanıtmaqdır və tamaşaçılar bilsinlər ki, bu gün Azərbaycanda kino var, yaşayır və yeni-yeni ekran əsərləri yaranır. Saytda Azərbaycan mədəniyyətində baş verən hadisələr 3-10 dəqiqəlik videorolik variantda xəbər şəklində yerləşdirilir.
- Sizcə, saytınız digər saytlardan nə ilə fərqlənəcək?
- Bizim saytda filmlərə baxmaq üçün müəyyən məbləğ ödəmək lazımdır. Bu, pullu xidmətdir. Burada dünya kinosu, xarici filmlər, Gürcüstan, Rusiya, Baltikyanı və digər ölkələrin də filmləri yer alacaq. Beləliklə, kinematoqrafçılar öz həmkarlarının işləri ilə yaxından tanış ola biləcəklər. Saytda özəl kino şirkətlərinin də filmləri yerləşdirilir.
- Bir qədər də “Nərimanfilm”in fəaliyyəti barədə danışaq. Hazırda hansı kino layihələri üzərində işləyirsiniz?
- “Nərimanfilm” kino şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkət işini üç istiqamətdə qurub: istehsalat, kino sahəsində xidmət, professional kino mütəxəssislərinin Azərbaycana dəvət olunması. Ötən müddətdə 11 ekran işi - sənədli, qısa və tammetrajlı bədii filmlər ərsəyə gətirmişik. Tanınan filmlərimiz çox oldu. Onların sırasında bir çox festivallarda uğur qazanmış “Sahə” filmini xüsusi qeyd edə bilərəm.
Hazırda iki tammetrajlı film üzərində işləyirik. Bunlardan biri “Mosartı öldürmək” adlanır. Bundan əlavə, Rusiyada lentə alınan bir sənədli film üzərində iş gedir. Bu il “9X9” adlı qısametrajlı filmi təhvil vermişik. Film “Nərimanfilm” (Azərbaycan) və “Torre” (İtaliya) kino şirkətlərinin birgə istehsalıdır, prodüserlərdən biri Radmila Qordiçdir. Bu ekran işi may ayında Kann kinofestivalında Azərbaycan pavilyonunda təqdim edilib. Hazırda filmin festival variantı üzərində işləyirik. Digər tərəfdən isə animasiya filmlərinin çəkilişini reallaşdırmaq istəyirik. Bu bizim üçün yeni istiqamətdir və bunu italyan rejissoru Radmila Qordiçlə birgə hazırlayırıq. Klassik Azərbaycan animasiyası və animasiya filmlərinin Avropa variantlarını birləşdirməyi düşünürük. Hələlik bu işdə axtarışlar gedir və inanıram ki, bu ilin sonuna qədər daha dəqiq variant üzərində dayana biləcəyik.
Yeri gəlmişkən, onu da deyim ki, xarici kino şirkətləri ilə əlaqələrə xüsusi önəm veririk. Gürcüstan kinematoqrafçıları ilə sıx işbirliyimiz var. “Sahə” filmi məhz bu əməkdaşlıq sayəsində ərsəyə gəldi. Avropa və Amerikadan olan həmkarlarımızla yaradıcılıq sazişlərimiz var. Kinofestival şirkətləri, bir çox kino təşkilatları ilə əlaqələrimiz var. Hazırda Lokarno festivalı ilə sıx işləyirik. Bu festivalın bütöv bir proqramı Azərbaycan kinosuna həsr olunub.
Bu gün ölkəmizdə yüksək keyfiyyətli peşəkar filmlərin meydana gəlməsi üçün hər bir şərait var. Bütün festival və forumlarda bunu təbliğ edərək xarici şirkətləri ölkəmizə cəlb etməyə çalışırıq. Dövlət tərəfindən kinonun inkişafına dəstək verilir. Mədəniyyət və Turizm Nazirliyi bu işdə marağı olan hər kəsə yaxından köməklik göstərir. Maddi-texniki bazanın yaranması sahəsində də bir çox işlər görülür. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq milli kinomuzun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük diqqət ayrılır.
Lalə Azəri