Oktyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Toska” operası təqdim ediləcək.
Tamaşada Toska partiyasını ifa etmək üçün Türkiyənin populyar vokalçısı Mine Kurtoğlu dəvət olunub. Mine Samsun Dövlət Opera və Balet Teatrının aparıcı solisti, bir sıra beynəlxalq vokal müsabiqələrinin qalibidir. O həmçinin 2018-ci ildə Bakıda keçirilən Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsində Qran-pri mükafatına layiq görülüb.
Tamaşada Ukrayna Milli Operasının aparıcı solisti Andrey Romanenko Kavaradossi partiyasını ifa edəcək. Bakılı operasevərlərin dəfələrlə parlaq ifasına şahid olduqları digər bir ulduz vokalçı – Belarus Milli Böyük Opera və Balet Teatrının aparıcı solisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov isə operada Skarpia rolunda çıxış edəcək.
Səhnə əsərində Azərbaycanın istedadlı opera müğənniləri – xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, əməkdar artistlər Cahangir Qurbanov və Əliəhməd İbrahimov da iştirak edəcəklər.