Sentyabrın 22-də Bakıda Heydər Əliyev Sarayında “Broadway Story” tamaşasının premyerası olub. Səhnə əsəri ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə ərsəyə gəlib. “Broadway Story” yerli və Amerikadan dəvət olunmuş xoreoqrafların (Əziz Əzizov, Pol Qordon və Filipp Barayodan) quruluşunda hazırlanıb.

Tamaşadan öncə çıxış edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil bildirib ki, bu axşam Heydər Əliyev Sarayının səhnəsində Nyu-York ab-havası yaşanacaq. Diplomat qeyd edib ki, “Broadway Story” Manhattan küçəsində 41 peşəkar kollektivə verilmiş ümumi addır. Amerikan incəsənət forması olan bu tamaşa rəqs və musiqidən ibarət müzikldir. “Mənim üçün xoşdur ki, “Broadway Story” ABŞ-ın zəngin teatr fəlsəfəsini azərbaycanlı tamaşaçılarla bölüşəcək”, - deyə o əlavə edib.

Sonra tamaşa təqdim olunub. Maraqlı süjet xətti ilə seçilən tamaşa faciə ilə üzləşən iki gəncin hekayəsindən bəhs edir. Onlar yaşadıqlarını unutmaq üçün Nyu-Yorka gəlir və həyatlarını burada davam etdirirlər. Səhnə əsərində həyəcan, macəra və sevgi ön plana çəkilir.