Nəsimi Festivalının iştirakçıları arasında tanınmış alman alimi, nəsimişünas Mixael Hess də var idi. O, Heydər Əliyev Mərkəzində “Nəsimi dühası müasir kontekstlərdə” mövzusunda mühazirə oxuyub.
Klassik türkdilli Azərbaycan ədəbi irsi Qərb şərqşünaslığının diqqətindədir. Bu sahədə nüfuzlu tədqiqatçılardan olan Mixael Hess böyük mütəfəkkir Nəsimiyə sevgisi sayəsində Azərbaycan dilini də öyrənməyə başlayıb. Alim Nəsimi yaradıcılığı və ölkəmizlə bağlı düşüncələrini bölüşüb.
– Nəsimi şeriyyətində dərinlik var. Bir duyğu gücü, məncə, hətta tərcümədə belə hiss edilir. Nəsiminin şeirlərində o qədər təfərrüat, o qədər söz, o qədər dərin məna var ki, onun hamısını bir tərcümədə vermək mümkün deyil. Çünki onu vermək üçün minlərcə şərhə ehtiyac duyulur. Azərbaycanın çox maraqlı tarixi, mədəniyyəti və ədəbiyyatı var ki, İmadəddin Nəsimi burada xüsusi bir yer tutur. Bu ölkənin mədəniyyət, ədəbiyyat, incəsənət, musiqi nümunələri zəngindir. Azərbaycan mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu, yaxınlaşdığı məkandır. Azərbaycan ədəbiyyatının ən maraqlı xüsusiyyəti, zənnimcə, tarix və mədəniyyətin birləşməsi, milliliyi qorumaq şərtilə, Səfəvilər dövründən başlayaraq Rusiya və Qərbin harmoniyasının əks etdirilməsidir.
Bu baxımdan böyük Nəsimi yaradıcılığının çəkisi ölçüsüzdür. Nəsiminin mənəvi irsinin dəyərini qiymətləndirmək çox çətindir. Məsələn, onun dövründə hakim olan dini ehkamdan fərqli Hürufilik təlimini yaydığına görə çəkdiyi əziyyət və faciəli ölümündən dini tolerantlıq barədə dərslər ala bilərik.
- Elmi fəaliyyətlə yanaşı, Azərbaycan həqiqətlərinin Almaniyada yayılmasına da çalışırsınız...
- Düşünürəm ki, dəqiq və qərəzsiz tarixi faktlar olmadan sülh və qarşılıqlı anlaşma dünyanın heç bir yerində mümkün deyil. Almaniyanın 1939-1945-ci illərdə törətdiyi dəhşəti necə inkar etmək olar? Əgər Almaniya 1945-ci ildən sonra Fransaya qarşı işlətdiyi cinayətləri qəbul etməsəydi, bu ölkə ilə münasibətlər qura bilməzdi. Keçmişdə törədilən bütün cinayətləri, dəhşətləri olduğu kimi göstərmək lazımdır. Dağlıq Qarabağ ilə əlaqədar olan kitabımı yazmağımın bir səbəbi Almaniyada Dağlıq Qarabağ münaqişəsi barədə məlumatların əsasən birtərəfli, yəni Azərbaycanın əleyhinə olması idi. Avropalılar Azərbaycanın haqq səsini eşitməlidir. O cümlədən, Xocalıda ermənilərin törədikləri dəhşətlər hamıya məlum olmalıdır.
Hazırda Qarabağdan olan ədəbiyyatçılar və Azərbaycan ədəbiyyatında Qarabağ mövzusuna dair kitab üzərində işləyirəm. Ümid edirəm ki, Avropa oxucusu bu kitab vasitəsilə çox mətləblərdən xəbər tutacaq. Azərbaycanın tarixi və ədəbiyyatı ilə bağlı digər layihələrim də var. Eyni zamanda, Azərbaycan Tərcümə Mərkəzi ilə də əməkdaşlıq edirəm.