Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının proqramına əsasən, sentyabrın 29-da Bakı Kitab Mərkəzində akademik Rafael Hüseynovun mühazirəsi dinlənilib.
“Yaxın və Orta Şərq şeirində bənzətmə ənənəsi: bənzətmədə bənzərsizlik” mövzusunda mühazirədə alim Nəsimi irsinin təsir dairəsindən söz açıb. O, tarixə nəzər salaraq sovet dövründə Nəsiminin 600 illik yubileyi ərəfəsində görülən işlərdən danışıb. Azərbaycan ədəbiyyatşünaslarının tədqiqatlarını qeyd edən mühazirəçi şairin sözlərinə mahnılar bəstələndiyini də xatırladıb. Vurğulayıb ki, Nəsimini sadə Azərbaycan insanına rejissor Həsən Seyidbəylinin “Nəsimi” bədii filmi (1973) tanıdıb.
Mühazirəçi diqqətə çatdırıb ki, Nəsimi insan düşüncələrinə çox dərindən vaqif olub və özündən sonrakı ədəbiyyata böyük təsir göstərib. Ondan sonra da Azərbaycan dilində yazanlar olub, lakin onlarda Nəsiminin dili qədər melodiklik, ifadə plastikası olmayıb. Nəsimidən sonra ədəbiyyatımızın və dilimizin özünəqayıdışı başlanıb, poetik lüğətlər yaranıb. Nəsimi anadilli ədəbiyyatı zirvəyə yüksəldib.