Nəsiminin ölməz ideyaları işığında söz, sənət, mənəviyyat festivalı
Sentyabrın 27-dən 30-dək ölkəmizdə ilk dəfə dahi Azərbaycan şairi, Orta əsrlər Şərqinin böyük mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunmuş şeir, incəsənət və mənəviyyat festivalı keçirildi.
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın ideya müəllifi Fondun vitse-prezidenti Leyla Əliyevadır. Şairin ata yurdu Şamaxıda başlanan festival sentyabrın 28-dən Bakıda zəngin proqramla davam etdi.
Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının təntənəli açılış mərasiminə rəsmilər, elm və mədəniyyət xadimləri, sənətsevərlər qatılmışdı.
Mərkəzin foyesində festival çərçivəsində üç ekspozisiya – “Live Life” (“Canlı həyat”), “Hürufilik: incəsənət və identiklik” və Brayn İnonun “77 milyon rəsm əsəri” sərgiləri təqdim edildi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirakçılara festivalın açılışı münasibətilə təbriklərini çatdırdı, tədbirin dünyada incəsənətin, mədəniyyətin inkişafına mühüm töhfə olacağına əminliyini ifadə etdi. Nəsimi ideyalarının əbədiliyi, onun Azərbaycan poeziyasının inkişafında əhəmiyyətli rolu vurğulandı: “Biz bu festivalda Nəsimi poeziyasının ruhunu musiqi, rəqs, incəsənət, video-instalyasiyalar, yoqa meditasiyası vasitəsilə kəşf edəcəyik və şüurun dərinliyinə səyahət edəcəyik”.
Sərgilər barədə məlumat verən Leyla Əliyeva müəllifi olduğu “Live Life” sərgisinin London, Berlin, Moskva, Paris və Tbilisidə nümayiş etdirildiyini, diqqəti ekoloji problemlərə yönəltdiyini bildirdi. Qeyd etdi ki, sərgi, eyni zamanda bizim planetin gözəlliyini və bütün insanların birliyini vurğulayır.
Diqqətə çatdırıldı ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Barcil İncəsənət Fondu tərəfindən təqdim olunan “Hürufilik: incəsənət və identiklik” sərgisində ərəb ölkələrində yaşayan müasir rəssamların işləri, Brayn İnonun “77 milyon rəsm əsəri” sərgisində isə musiqi və video-art instalyasiyası nümayiş olunur.
“Ümidvaram ki, bu festival nəticəsində Nəsimi poeziyasının bir çox yeni oxucuları üzə çıxacaq və planetimizə daha müsbət ideyalar yayacaqlar”, - deyən Leyla Əliyeva festivalın işinə uğurlar arzuladı.
Barcil İncəsənət Fondunun nümayəndəsi Çarlz Pokok, Nəsimi nəslinin davamçısı Məhəmməd Nəsimi festivalın təşkilinə görə təşəkkür etdilər. Məhəmməd Nəsimi ulu baba yurdu Azərbaycana gəlməyindən hədsiz şad olduğunu dedi.
* * *
Mərasimdə jurnalistlərə açıqlama verən mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideyası əsasında qurulub: “Bu festival həm yaradıcılıq, həm də incəsənətin müxtəlif formalarını özündə birləşdirir. Nəsimi festivalı şairin yaradıcılığına müxtəlif baxışları bir araya gətirərək onun ideyalarının hər zaman aktual olduğunu göstərir”.
Həyat həm də yaradıcılıqdır...
Sonra mərasim iştirakçıları sərgilərlə tanış oldular.
“Live Life” sərgisində Leyla Əliyeva, Məryəm Ələkbərli, Ayləl Heydərova, Nailə Sultan, Rəhim Çopurov, Timur Özdəmirov, Vasif Nəcəfzadə və Xəzər Nəbiyevin əsərləri təqdim edilirdi. Əsərlərə baxan tamaşaçı bir daha bu qənaətə gəlir ki, həyat yaradıcılıqdır. Bu baxımdan həyatı mənalı yaşamağı bacarmaq da yaradıcılıq hesab oluna bilər.
“Hürufilik: incəsənət və identiklik” sərgisində BƏƏ-nin Barcil İncəsənət Fondunun kolleksiyasından 30-dan çox rəngkarlıq, heykəltəraşlıq və qrafika nümunələri nümayiş olunurdu. Sərgidə hürufilik fəlsəfəsinin tarixi ilə bağlı yaradıcılıq nümunələri yer almışdı.
“77 milyon rəsm əsəri” sərgisi isə görkəmli britaniyalı bəstəkar Brayn İnonun yaratdığı vizual və səs elementlərinin saysız-hesabsız kombinasiyalarını özündə birləşdirir. Rəsm əsərləri tamaşaçının bilavasitə gözləri qarşısında alqoritmik şəkildə yaradılmaqla daim inkişaf etməkdə olan audiovizual kaleydoskop tipli video-effektləri formalaşdırır. Bu nümunələr indiyədək Tokiodan Romayadək bir çox şəhərlərdə nümayiş olunub.
Faciəli taleyin musiqi ilə təqdimi...
Mərasimdə daha sonra dahi şairin sənət ziyasının əbədiliyini təsdiqləyən konsert proqramı təqdim edildi. Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası görkəmli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı” və İsmayıl Hacıbəyovun “Memorial” əsərlərindən parçaları ifa etdi.
45 il əvvəl, mütəfəkkirin anadan olmasının 600 illiyi münasibətilə yazılan “Nəsimi dastanı” səhnədə yenidən böyük şairin faciəli ömrünün akkordlarını dinləyicilərə çatdırırdı. Azərbaycan musiqi sənətinin dəyərli nümunələrindən olan “Memorial” kantatası isə maraqlı tembri və təzadları, emosional təsiri ilə bəşərin ikili keyfiyyəti haqqında düşünməyə vadar edir.
Sonra musiqi gecəsi Azərbaycan əsilli britaniyalı müğənni Sami Yusufun çıxışı ilə davam etdi. İfalarında Şərqlə Qərbin vəhdətini yaratmış Sami Yusuf populyar musiqilərini səsləndirməklə yanaşı, festivalın əhəmiyyətindən də söz açaraq təşkilatçılara minnətdarlığını bildirdi, Nəsimi dühasının əbədiyaşar olduğunu vurğuladı. O, Nəsimiyə həsr etdiyi kompozisiyanı və Azərbaycan xalq mahnısı “Sarı gəlin”i təqdim etdi. Müğənninin çıxışı sürəkli alqışlarla qarşılandı.
Proqramda daha sonra Əməkdar artist Tünzalə Ağayevanın Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısı səsləndi, Azərbaycan Milli Konservatoriyasının “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblı isə xüsusi layihə ilə tamaşaçıların könlünü oxşadı. Ansamblın repertuarı XIV-XV əsrlər görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri əsasında müasir bəstəkarların yeni kompozisiyalarından təşkil edilmişdi.