Xəbər verdiyimiz kimi, 26-28 sentyabr tarixində Almaniyanın Görlitz şəhərində “Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumu” keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Günel Aslanova iştirak edib.

Müzakirələr zamanı Avropa Şurasının müxtəlif beynəlxalq layihələrinə ölkələrin qoşulması məsələlərindən söhbət açılıb. Günel Aslanova çıxışı zamanı qeyd edib ki, “Zeytun Yolları” mədəni marşrutunda Azərbaycanın iştirakı marşrut boyunca ölkəmizin mədəni irsinin üzv ölkələrdə tanıdılması, xarici qonaqların cəlb edilməsi baxımından olduqca vacibdir. Beynəlxalq mədəni marşrutlarda iştirakla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat tədbir iştirakçılarına təqdim edilib.

Təqdimat maraqla qarşılanıb və Avropa Şurasının Mədəni Marşrutlar layihəsinin ekspertlərinin noyabr ayında Azərbaycana səfər etməsi qərara alınıb.