Oktyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Əməkdar jurnalist Flora Xəlilzadənin 65 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək Flora Xəlilzadənin zəngin jurnalistlik fəaliyyətindən söz açıb.
Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, Flora Xəlilzadə jurnalistikada öz dəst-xəttini yaradıb. Gənc jurnalistlər belə insanlardan nümunə götürməlidir.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli yubilyarın Azərbaycan jurnalistikasının inkişafında gördüyü işlərdən bəhs edib.
Bakı Dövlət Universiteti Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli Flora Xəlilzadənin hələ tələbəlik illərindən bilikli, istedadlı bir insan olduğunu deyib.
Daha sonra Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Türkan Cəfərova nazir Əbülfəs Qarayevin Flora Xəlilzadəyə ünvanladığı təbrik məktubunu oxuyub.
Tədbirdə Milli Məclisin deputatları Hikmət Babaoğlu, Məlahət İbrahimqızı və digər çıxış edənlər yubilyarla bağlı fikirlərini bölüşüblər.
Sonda yubilyar çıxış edərək tədbirin təşkilinə, fəaliyyətinə verilən qiymətə görə minnətdarlığını bildirib.