Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) yenidənqurmadan sonra “Azərbaycan Dövlətçiliyi Tarixi” muzeyinin açılışı olub.
Muzeyin açılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ölkəmizin müstəqilliyini bərpa etməsinin 27-ci ildönümünə həsr edilib.
AMM-in direktoru Samir Abbasov Azərbaycan xalqının qədim tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə fəxr etdiyini qeyd edib, muzeyin ölkəmizin təbliği istiqamətində gələcək rolundan danışıb.
Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyinin direktoru, professor Cənnət İsmayılova, “Özbəkistan – Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov və digər çıxış edənlər Azərbaycanın həm tarixi, həm də mədəniyyəti ilə Özbəkistanda böyük maraq doğurduğunu bildiriblər.
Muzeydə dünyada ən qədim insan yaşayış məskənlərindən biri olan Azıx mağarası, Qobustan qədim Bakı – İçərişəhər, İrəvan şəhərindəki Göy məscid, habelə Azərbaycanın Qarabağ bölgəsində yerləşən tarixi abidələrin maketləri xüsusi maraqla qarşılanıb. Muzeydə Azərbaycanın dövlətçilik tarixi, eləcə də Xalq Cümhuriyyəti dövrünə aid xəritələr, milli musiqi alətlərimiz, geyimlərimiz, qədim və müasir pul əsginaslarımız, habelə dövlət rəmzlərimiz də sərgilənir. Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər haqqında xüsusi bölmə yaradılıb.