Oktyabrın 10-da Almaniyanın Frankfurt şəhərində 70-ci Beynəlxalq kitab yarmarkası işə başlayır. Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
Frankfurt kitab yarmarkası iştirakçı və ziyarətçi sayına görə dünyada bu qəbildən ən böyük tədbir sayılır.
Ölkəmizin ənənəvi olaraq qatıldığı yarmarkada builki milli stendimiz 56 kvadratmetr sahəni əhatə edir. Yarmarka müddətində stendimizdə müxtəlif tədbirlər – Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş mərasim, Mədəniyyət Nazirliyinin dəstəyi ilə alman dilində çap olunan “Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” və Milli Kitabxananın Azərbaycan, ingilis və rus dillərində hazırladığı “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitablarının, almaniyalı publisist, tərcüməçi Hayke Maria Yohenningin müəllifi olduğu “Bakının arxitektura bələdçisi: xalçaya bənzər şəhər” kitabının təqdimatları nəzərdə tutulub.