Oktyabrın 11-də Akademik Milli Dram Teatrında Xalq artisti İlham Əsgərovun anadan olmasının 60 illiyinə həsr olunan tədbir keçiriləcək. Xatirə gecəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə gerçəkləşəcək.

Mərasimdə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən İlham Əsgərovun həyat və yaradıcılığını əks etdirən fotosərgi təqdim olunacaq. Aktyorun Azərbaycan teatrının inkişafında xidmətlərindən danışılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.

Sonra İlham Əsgərovun vaxtilə oynadığı “Qürbətdən gələn məktublar” tamaşası onun xatirəsinə ithaf olaraq  nümayiş etdiriləcək. Yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan ikihissəli drama Xalq artisti Mərahim Fərzəlibəyov quruluş verib.