Unudulmaz şair Mikayıl Müşfiqin 110 illiyi qeyd olundu

Bu il Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illiyi ölkəmizdə geniş şəkildə qeyd edilir. Şairi bütün nəsillərə sevdirən onun ürəkdən gələn səmimiyyət dolu poeziyasının xalq ruhu ilə bağlılığı, vətəni sonsuz məhəbbətlə tərənnüm etməsi və qəlblərin pıçıltısını qələmə almasıdır.

Oktyabrın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bir vaxtlar “Yazmaram ürəyim sizi anmasa” deyən şairi yubiley tədbirində anmağa gələnlərin sayı çox idi. Mədəniyyət Nazirliyi və Milli Dram Teatrının birgə təşkil etdiyi tədbir şairin 110 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 2018-ci il 17 may tarixli sərəncamına əsasən reallaşdı.

Yubiley gecəsində mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi. Tədbir iştirakçıları ilk olaraq teatrın foyesində Azərbaycan Milli Kitabxanasının təşkil etdiyi, şairin yaradıcılığını əks etdirən kitab sərgisi ilə tanış oldular. Sonra mərasim teatrın böyük zalında davam etdi.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışdı. Bildirdi ki, Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Şair elə bir iz qoyub ki, hər bir azərbaycanlının qəlbində yaşayır. Saf, ülvi hislər onun yaradıcılığının əsasını təşkil edir. Qısa ömrünün 10 ilini fəal yaradıcılığa həsr edən şair özünə əbədi heykəl yarada bilib. Çətin həyat yaşayan Müşfiqin xatirəsi xalqımız tərəfindən hər zaman əziz tutulub, yubileyləri, anım günləri keçirilib.

Qeyd olundu ki, Mikayıl Əbdülqədir oğlu İsmayılzadə (Müşfiq) 1908-ci il iyunun 5-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Ailəsi 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirən Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. Əvvəlcə Bakı Darülmüəllimində, sonra 12 nömrəli II dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Otuzuncu illərin qanlı repressiyaları “Yelkənim açılır, qara yel, əsmə!” yazan şairin ömrünü yarıda kəsir. İstedadlı şair 1938-ci ilin 6 yanvarında “xalq düşməni” elan edilərək güllələnir.

Şairin müasirləri xatirələrində yazır ki, o, çox istedadlı idi. Əgər Müşfiq şeir deyirdisə, onun ətrafı insanlarla dolu olardı. Onun dünyadan nakam getməsinə səbəblərdən biri də fitri istedadına olan qısqanclıqlarla bağlı idi. O, həyatsevərliyi, coşqunluğu, parlaq istedadı, ədalətsizliyə olan münasibəti ilə fərqlənirdi.

Vurğulandı ki, şair həm də milli mədəniyyətin təəssübkeşi idi. Tar alətinin yasaq edilməsinə ilk olaraq etiraz səsini ucaldan Müşfiq olub. Onun qısa ömrünü əhatə edən zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir.

Diqqətə çatdırıldı ki, Müşfiqin yaradıcılığına dövlət tərəfindən yüksək qiymət verilib, onun xatirəsi ədəbiləşdirilib, adına qəsəbə, küçə, kitabxana, məktəb fəaliyyət göstərir. 

 

“Ah, bu uzun sevda yolu”

 

Sonra unudulmaz şairin xatirəsinə həsr edilmiş “Ah, bu uzun sevda yolu” tamaşasının premyerası oldu. Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azərpaşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Rolları Xalq artisti Hacı İsmayılov (Müdrik şair), əməkdar artistlər Anar Heybətov (Müşfiq), Elşən Cəbrayılov (Aparıcı), Münəvvər Əliyeva (Dilbər), Ayşad Məmmədov (Frençli kişi), Elşən Rüstəmov (Novator şair), Mehriban Xanlarova (Qadın şair), aktyorlar İlyas Əhmədov (Düşmən şair), Elnar Qarayev (Dost şair,) Vüsal Mustafayev (Qorxaq şair), Xədicə Novruzlu (Gülər) və Rada Nəsibova (Qadın) ifa edirdi.

L.AZƏRİ