F.Köçərli adına Respublika Uşaq Kitabxanası Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə sıx əməkdaşlıq edir. Bu barədə kitabxananın direktoru Şəhla Qəmbərovanın Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşündə söhbət açılıb.
Görüşdə səfir Adel İbrahim Ahmed İbrahim iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə inkişafından, həmçinin F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən bu ilin 14-18 may tarixində keçirilən “Misir uşaq ədəbiyyatı həftəsi”nin əhəmiyyətindən bəhs edib.
Kitabxananın Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə ərsəyə gətirdiyi “Əsrarəngiz Misir nağılları” kitabının yaddaqalan təqdimatını xatırladan diplomat nağıllara azərbaycanlı uşaqların çəkdikləri rəsmlərin xüsusi maraq doğurduğunu vurğulayıb.
Respublika Uşaq Kitabxanasının direktoru belə layihələrin əsas mahiyyətinin uşaqlar və gənclər arasında mütaliə və kitaba olan marağın artırılmasından ibarət olduğunu bildirib. Bu yöndə əməkdaşlığın davamlı olacağı vurğulanıb.