Oktyabrın 11-də Mərakeş Krallığının Rabat şəhərində İslam ölkələri təhsil, elm, mədəniyyət təşkilatı – İSESCO-nun Baş Konfransının 13-cü sessiyası işə başlayıb. Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev sessiyada iştirak edir.
Qeyd edək ki, Azərbaycan 2015-ci ilin noyabr ayından etibarən İSESCO Baş Konfransına sədrlik edir və cari ildə ölkəmizin sədrliyi başa çatır.
Sessiyada Baş Konfransın prosedur qaydaları, 12-ci sessiyada müxtəlif məsələlərə dair qəbul edilmiş qərarların icrası, İSESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planı və büdcəsi, 2019-2027-ci illər üzrə orta müddətli strateji fəaliyyət planı və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.
Nazir Əbülfəs Qarayev sessiyada çıxışı zamanı Azərbaycanla İSESCO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, ölkəmizin mədəniyyət, təhsil və elm sahələrində uğurlar qazandığını deyib. Əbülfəs Qarayev ölkəmizin İSESCO Baş Konfransına sədrliyi dövründə görülən işlər, keçirilən tədbirlər barədə məlumat verib.
Nazir bu il mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd olunduğunu və 25-26 oktyabr 2018-ci il tarixində bu platforma çərçivəsində VI Bakı Beynəlxalq Humanitar Forumunun keçiriləcəyini diqqətə çatdırıb. Azərbaycanın sədrliyi çərçivəsində sessiyada İSESCO ilə TÜRKSOY arasında əməkdaşlıq sazişi imzalanıb.
İSESCO 54 müsəlman ölkəsini birləşdirir, həmçinin Rusiya Federasiyası, Tailand və Şimali Kipr təşkilatda müşahidəçi statusa malikdir.