Oktyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu mövsümün ilk premyerası – “Bağdadda bir gün” ikihissəli musiqili komediya nümayiş olunacaq.
Tamaşa görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında hazırlanıb. Teatrın rus bölməsində ərsəyə gələn səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.
Səhnə əsərini “böyüklər üçün nağıl” da adlandırmaq olar. Şərq motivləri ilə yanaşı, milli koloritlərin də geniş təcəssüm olunduğu bu tamaşada hadisələr Bağdad xəlifəsi Harun ər-Rəşidin dövründə baş versə də, müasir zamanla səsləşir.
Rolları əməkdar artistlər Boris Qrafkin, Anton Ferştdant , Svetlana Bulax və başqaları oynayır.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, səhnə tərtibatçısı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayevadır.