Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Xızı və Quba rayonları ərazisində bir sıra infrastruktur layihələrin və obyektlərin açılışında iştirak ediblər.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir. Prezident və birinci xanım görülən işlərlə tanış olublar. Dövlət başçısı və xanımı Xızı rayonunda “Yeni Yaşma” külək elektrik parkının açılışında iştirak ediblər.
Daha sonra Qubaya gələn Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Prezident və birinci xanım rayonun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun, “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun istifadəyə verilməsi, Quba Rayon Mərkəzi Xəstəxanasının, 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçasının, “ABAD Factory” İstehsalat Kompleksinin açılışında iştirak edib, Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi, Quba şəhərindəki Gənclər parkında yaradılan şəraitlə tanış olublar.