Bakıdakı 132-134 nömrəli təhsil kompleksində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın anadan olmasının 79-cu ildönümünə həsr edilmiş “Nəsillərə örnək olan ömür” adlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları 1957-ci ildə bu məktəbi qızıl medalla bitirmiş A.İmanquliyevaya həsr edilən fotoguşə ilə tanış olublar.
Təhsil kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova məktəbin məzunu, professor Aida İmanquliyevanın ömür yolundan danışıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, Azərbaycanda ərəbşünaslıq sahəsində elmi məktəb yaradan professor Aida İmanquliyeva həm dünyada tanınan böyük alim, həm də bacarıqlı pedaqoq, tərcüməçi, görkəmli şəxsiyyət idi. Onun şərqşünaslıq elmi sahəsindəki tədqiqatları bu gün də olduqca aktual və əhəmiyyətlidir.
Alimin tələbəsi, dosent Nuridə Quliyeva Aida xanım ilə bağlı xatirələrini bölüşüb.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxışında Aida İmanquliyevanın elm və təhsilimizə verdiyi töhfələrdən bəhs edib.
Sonra alimin həyat və fəaliyyətindən bəhs edən film göstərilib. Məktəblilər ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.