17 ölkədən 19 ekran əsəri nümayiş olunacaq

Oktyabrın 10-da Bakıda, “Park Cinema”da 9-cu Avropa film festivalı başlayıb.

Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, Aİ-yə üzv dövlətlərin, həmçinin Norveçin ölkəmizdəki səfirlikləri tərəfindən təşkil olunub.

Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ənənəvi layihənin Avropa ilə Azərbaycan arasında mədəni əlaqələrə töhfə olduğunu vurğulayıb.

Diplomat qeyd edib ki, oktyabrın 21-dək davam edəcək budəfəki festival çərçivəsində 17 ölkədən – Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Birləşmiş Krallıq, Norveç və Azərbaycandan 19 film nümayiş olunacaq.

Ötən illərdə olduğu kimi, yenə də festival iştirakçıları Avropa kino industriyasının yenilikləri ilə tanış olacaq, tanınmış rejissorlarla müzakirələrdə iştirak etmək imkanı qazanacaqlar. Festivalın qonaqları sırasında hollandiyalı rejissorlar Mark Verkerk və İqnas van Şaik, Bolqarıstandan ssenarist Teo Çepilov və litvalı rejissor Arunas Matelis yer alıb.

Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi ölkəsinin festival çərçivəsində nümayiş olunacaq filmləri barədə məlumat verib. Xüsusilə “Kimcem” filmi barədə ətraflı bəhs edən səfir qeyd edib ki, ekran əsəri Macarıstanda baş vermiş inqilabi hadisələri əks etdirir. Film iki dəfə ingilis dilində (Azərbaycan dilində subtitrlər vasitəsilə) nümayiş etdiriləcək.

Qeyd edək ki, festivalın açılış günündə hollandiyalı rejissorların “Vəhşi Amsterdam” sənədli filmi göstərilib. Seanslara giriş sərbəstdir.