Oktyabrın 18-19-da Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsində (Vladivostok şəhəri) Pyotr Çaykovskinin “Yatmış gözəl” baleti nümayiş etdiriləcək.

Teatrın saytında verilən məlumata görə, xoreoqrafiyası Marius Petipanın (1818-1910) olan balet Konstantin Sergeyevin (1910-1992) və Eldar Əliyevin redaktəsində təqdim olunacaq. Səhnə əsərinin nümayişi Marius Petipanın anadan olmasının 200 illiyinə həsr edilib.

Baletin Primorsk səhnəsində premyerası 2017-ci ilin mayında olub.

Eldar Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariinsk Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. 2016-cı ildə Mariinsk Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin olunub.