Avqustun 2-də Azərbaycan kinosunun 115 yaşı tamam olur. 1898-ci ilin həmin günündə Bakıda yaşayan fransalı fotoqraf və operator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti nümayiş etdirib. “Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi”, “Əlahəzrət Buxara əmirinin “Velikiy knyaz Aleksey” paroxodunda yolasalma mərasimi”, “İlişdin” (Bakı şəhər bağçasında baş vermiş yumoristik əhvalat) - hələ kino sözünün nə demək olduğunu belə anlamayan, ağ ekrandakı möcüzəni maraq və heyrətlə izləyən tamaşaçılara təqdim olunan ilk kino xronika lentləri belə adlanırdı. 
   
   İllər ötdü, Azərbaycan kino salnaməsinə yeni ekran əsərlərinin, sənədli, bədii filmlərin adı yazıldı, milli kinomuzun ən məşhur nümunələri dünya ekranına çıxdı, tanındı. Amma bu hələ sonralar olacaqdı. 115 il əvvəl isə Bakıya ilk dəfə kino “gəlmişdi” və ağ-qara kadrların tədricən milyonları sehrinə salacaq incəsənət növünə çevriləcəyi bəlkə də kimsənin ağlına gəlmirdi. Bu tarixi günün özü də illər boyu arxiv qatlarının altında qalmışdı. Həmin tarixin aranıb-araşdırılıb ortaya çıxarılmasında kino salnaməmizin yorulmaz tədqiqatçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin böyük əməyi var. Ümummilli lider, mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust Azərbaycan Kinosu Günü elan olunub.
   Əlamətdar ildönümü və kino işçilərimizin peşə bayramı ərəfəsində ürək sözlərini dinləmək üçün müraciət etdiyimiz ilk şəxs də Əməkdar incəsənət xadimi Aydın Kazımzadə oldu.
   
   “Kino tarixi yaşadan, həyatımızın bütün sahələrinə nüfuz edən
   incəsənətdir”
   
   - Kino insanların dünyagörüşünü formalaşdıran, tariximizi, milli adət-ənənələrimizi yaşadan, həyatımızın bütün sahələrinə nüfuz edən incəsənət, eyni zamanda güclü ideoloji vasitədir. Bu gün insan həyatında kino mühüm yer tutur. Ona görə ki, kino təkcə əyləncə və istirahət vasitəsi yox, eyni zamanda maariflənməyə xidmət edir. Azərbaycan kinosu 115 il ərzində böyük yol keçib və bu gün dünya kinosunun tərkib hissəsi kimi inkişaf etməkdədir. Biz bu peşə bayramına hazırlaşarkən kinomuzun keçdiyi tarixi yola bir də nəzər salırıq. Özümü xoşbəxt hesab edirəm ki, Azərbaycan kinosunun tarixinin üzə çıxarılmasında mənim də rolum var. 2 avqust ulu öndər Heydər Əliyev tərəfindən xüsusi sərəncamla kinomuzun yaranma tarixi kimi təsdiq olunub. Mən bundan vətəndaş kimi böyük fəxr duyuram. Əlbəttə ki, bu mənim qarşımda böyük bir məsuliyyət hissi qoyub. Buna görə də Azərbaycan kinosunun tarixini, tədqiqatını davam etdirirəm. Sentyabr ayında “Azərbaycanfilm”in (Bakı kinostudiyasının) 90 illiyi qeyd olunacaq. Bununla əlaqədar hazırda bir kitab üzərində işləyirəm. Bundan öncə isə “Azərbaycanfilm” adlı kitabım nəşr edilib. Bütün bunlar kino tariximizin öyrənilməsinə xidmət edir. Çünki kinomuzun çox kəşməkəşli salnaməsi var.
   Kino tariximizdə elə filmlər olub ki, sovet dönəmində böyük mükafatlar alıb. “Arşın mal alan (1945)”, “İstintaq” filmləri SSRİ Dövlət Mükafatına, “Ad günü” filmi 1979-cu ildə Ümumittifaq kinofestivalında baş mükafata layiq görülüb. 1980-ci ildə Düşənbədə keçirilən Umumittifaq kinofestivalında isə “İstintaq” filmi baş mükafat alıb. 1950-ci ildə Muxtar Dadaşovun çəkdiyi “Sovet Azərbaycanı” filmi 1951-ci ildə Kann festivalında diploma layiq görülüb. Bunlar Azərbaycan kinosunun uğurlarıdır. Hazırda kinoya istedadlı gənclər gəlir və onlar artıq öz sözlərini deməyə başlayıblar. İki filmimiz “Oskar” mükafatına təqdim olunub. Bu addımın özü böyük bir irəliləyişdir. Əvvəllər bu haqda düşünmək belə ağlımıza gəlmirdi, indi isə “Oskar”a namizəd olmaq arzusu ilə yaşayırıq.
   Azərbaycan kinosunun tarixini yada salanda bu sahədə iz qoyan insanları da xatırlayırıq. Bu sırada böyük dramaturq, ilk kino ssenarilərimizin müəllifi Cəfər Cabbarlını xatırlamalıyıq. Mikayıl Mikayılov, Ağarza Quliyev, Abbas Mirzə Şərifzadə Azərbaycan kinosunun beşiyi başında duran insanlar olublar. Onlardan sonra Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, İmran Qasımov. Bu siyahıya çox adlar əlavə etmək olar. Onların yaratdıqları ekran əsərləri bu gün də yaşayır, sabah da yaşayacaq. Çünki həmin əsərlərdə qoyulan ideyalar bu gün də aktualdır. Azərbaycanın müstəqillik dövründə yaşayan gənc nəsil həmin əsərlərə baxıb o filmlərdən həyatı öyrənirlər. Müstəqillik əldə etdikdən sonra kinomuzda böyük bir dönüş əmələ gəldi. Əvvəla kinematoqrafçılarımız sovet ideologiyasından azad oldular, öz fikirlərini sərbəst ifadə edə bildilər. Hazırda müxtəlif mövzuda və janrlarda filmlər istehsal olunur, kinomuz inkişafdadır. Mənə belə gəlir ki, kinomuzun gələcəyinə ürək açıqlığı ilə gedirik.
   
   Milli Kino Mükafatı ikinci dəfə
   təqdim ediləcək
   
   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev:
   - Kino sahəsində uzun müddət çalışan bir insan kimi kinomuzun 115 yaşının qeyd edilməsi mənim üçün də sevindirici bir gündür. 2 avqust bütün kino işçilərimiz kimi, mənim üçün də bayramdır. Bu günlə əlaqədar Kinematoqrafçılar İttifaqının ilk tədbiri 25 iyulda Muzey Mərkəzində təşkil edilmiş kino fotosərgisi oldu. Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin arxivindən kino tariximizin bir çox maraqlı anlarını yaşadan 50-dən artıq foto nümayiş olundu. Avqustun 2-də Nizami Kino Mərkəzində təşkil olunan bayram tədbirində 20-dən artıq kino veteranına Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən mükafatlar təqdim olunacaq. Eyni zamanda görkəmli aktyorumuz, Xalq artisti Ələddin Abbasova ittifaq tərəfindən Milli Kino Mükafatı təqdim ediləcək. Bilirsiniz ki, keçən il təsis olunan bu mükafata ilk dəfə mərhum aktyorumuz, Xalq artisti Yaşar Nuri layiq görülmüşdü. Həmin gün “Azərbaycanfilm”in istehsalı olan yeni ekran əsəri - “Dərvişin qeydləri” filmi (rejissor Xalq artisti Eldar Quliyev) nümayiş olunacaq. Bir neçə gündən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının saytını da təqdim edəcəyik. Yəni 115 illiklə bağlı bir çox tədbirlər həyata keçirəcəyik.
   
   Xaricdə yaşayan gənc
   rejissorlarımız “Azərbaycanfilm"də özlərini sınayırlar
   
   C.Cabbarlı adına “Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov:
   - Bu il Azərbaycan kinosunun 115 illiyi ilə yanaşı, “Azərbaycanfilm" kinostudiyasının da 90 illik yubileyidir. Kino tariximizdə ilk dövlət qurumu 1923-cü ildə yaradılıb, Azərbaycan Foto-Kino İdarəsi (I Dövlət kinofabriki) təşkil edilib. Sonrakı illərdə bir neçə dəfə adını dəyişən qurum 1961-ci ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlanır. Ötən müddətdə kinomuzun salnaməsi burada yazılıb, milli filmoqrafiyamızın ən gözəl nümunələri burada lentə alınıb. 90-cı illərin əvvəlində respublikamızın yaşadığı ağır böhrandan, mədəniyyətimizin digər sahələri kimi, kino təsərrüfatımız da öz nəsibini aldı. Artıq bu çətin dövrlər arxada qalıb, dövlətin diqqət və qayğısı sayəsində Azərbaycan kinosu yeni inkişaf mərhələsinə qədəm qoyub. Filmlərimiz beynəlxalq arenaya, festival və müsabiqələrə çıxır. Bu gün müxtəlif özəl kinoşirkətlər, studiyalar da uğurla fəaliyyət göstərir. Lakin milli kinomuzun flaqmanı yenə zəngin tarixə malik “Azərbaycanfilm”dir. Sentyabr ayında “Azərbaycanfilm”in 90 illiyi geniş şəkildə qeyd ediləcək. Bu ərəfədə bölgələrdə filmlərimiz nümayiş olunacaq. “Mahmud və Məryəm” filminin təqdimatı, yeni filmlərin televiziyalarda nümayişi nəzərdə tutulur. Avqustun 2-də isə Nizami Kino Mərkəzində kinosevərlərlə birlikdə kino bayramını qeyd edəcəyik və istehsalı başa çatan “Dərvişin qeydləri” filmi tamaşaçılara təqdim olunacaq.
   Kino bayramı ərəfəsində kinostudiyada gedən proseslərdən bir neçə kəlmə danışmaq istərdim. Bu gün kinomuza gənc nəsil gəlir. 10-a yaxın gənc rejissor və 2 gənc operatoru işə cəlb etmişik. Gənc rejissorlardan səkkiz nəfər qısametrajlı, iki nəfər isə tammetrajlı filmlər üzərində işləyirlər. Prodüserlər Gildiyasının “Geniş baxış” ssenari müsabiqəsində qalib gəlmiş layihə əsasında “Motivlər...” adlı kinoalmanax çəkilir. Kinoalmanaxa daxil olan altı qısametrajlı filmi xaricdə yaşayan altı gənc azərbaycanlı rejissor çəkir. Onlar Avropa, Amerika və Rusiya kino məktəblərində təhsil alıblar və orada fəaliyyət göstərirlər. Bu gün həmin gənclər “Azərbaycanfilm”də özlərini sınayırlar. Beləliklə, dövlətimiz tərəfindən kino sahəsinə olan dəstəyin nəticəsində gənc nəslə yeni filmlər ərsəyə gətirmək üçün imkan yaradılır.
   Gənc rejissor Asif Rüstəmovun “Axınla üzü aşağı” filminin çəkilişləri başa çatıb. Elçin Musaoğlu Qarabağ mövzusunda çox gözəl bir ssenarini ekranlaşdıracaq. Filmin çəkilişləri sentyabr ayında baş tutacaq. 2 avqust gününü qeyd etdikdən sonra tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Fikrət Əliyevin “Son dayanacaq” (şərti adı “Polkovnikin xəzinəsi”) filminin çəkilişlərinə start verəcəyik. Bir sözlə, kinomuz yaşayır, fəaliyyətdəyik, yeni axtarışlardayıq. İnşallah tamaşaçılar bütün görülən işlərin şahidi olacaqlar.
   
   “İnanıram ki, bizi gələcəkdə
   maraqlı layihə və filmlər gözləyir”
   
   Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov:
   - Kino günü münasibətilə həmkarlarımı təbrik edirəm. İnanıram ki, bizi gələcəkdə maraqlı layihə və filmlər gözləyir. Bunun üçün hazırda hər şərait var. Şəxsən mənim səbirsizliklə gözlədiyim layihələr var ki, onlar artıq işlənmək prosesindədir. Çox ümid edirəm ki, kinoya yeni simalar gələcək. Hazırda film çəkən gənc nəsil, sabah bu işə başlayacaq yeni kadrlar kinomuzu yaşadacaqlar. Milli kinomuzun gələcəyini məhz bu nəsil müəyyən edəcək. Bizim də borcumuz onlara mümkün qədər kömək etməkdir. Avqustun 2-də kinomuzun 115 illiyi qeyd ediləcək. Eyni zamanda, “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyinə hazırlıq işləri görülür. Bununla bağlı bir sıra silsilə tədbirlər həyata keçiriləcək ki, bura filmlərin və kinomuzun tarixinə həsr edilmiş kitabın təqdimatı, bayram tədbiri və s. daxildir. Bir daha kinomuzun 115 illiyi və peşə bayramı münasibətilə bu sahədə çalışan hər kəsi ürəkdən təbrik edirəm.
   
   Lalə Azəri